Mingəçevir Dövlət Universitetində Dil Mükəmməlliyi Laboratoriyası istifadəyə verilib
Mingəçevir, 15 sentyabr, AZƏRTAC
15 Sentyabr – Bilik Günündə Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının (MSU Language Excellence Laboratory) açılışı olub.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, yeni yaradılan mühit tələbələrin danışıq, dinləmə, oxu, yazı, söz ehtiyatı və tələffüz bacarıqlarının süni intellekt əsaslı alətlər vasitəsilə qiymətləndirilməsinə, fərdi inkişaf dinamikasının izlənilməsinə və əldə olunan nəticələr əsasında fərdiləşdirilmiş öyrənmə imkanlarının formalaşdırılmasına xidmət edəcək. Laboratoriyada tələbələrin ilkin dil səviyyəsinin müəyyən edilməsi və sonrakı mərhələlərdə əldə etdikləri nəticələrlə müqayisə olunması nəzərdə tutulur. Qiymətləndirmənin “CEFR” meyarları əsasında aparılması tələbənin müəyyən dövr ərzində dil bacarıqları üzrə real inkişafının ölçülməsinə imkan yaradacaq.
Platforma süni intellekt vasitəsilə dərsin video qeydini, sillabusu və tədris materiallarını təhlil edir, müxtəlif göstəricilər üzrə qiymətləndirmə aparır, nəticələri sistemləşdirərək strukturlaşdırılmış hesabat hazırlayır. Həftə ərzində müəllimin keçdiyi dərslərin ümumi təhlili əsasında tədrisin təkmilləşdirilməsinə və müəllimin peşəkar inkişafına yönəlmiş konkret tövsiyələr təqdim olunur. Platformanın 2027-ci ilin mart ayınadək Mingəçevir Dövlət Universitetinin əsas tədris binasındakı bütün auditoriyalarda tətbiqi nəzərdə tutulur. Hazırda prosesə xarici dillər üzrə tədris olunan fənlərdən başlanılıb.
Yeni laboratoriyanın mühüm istiqamətlərindən biri də burada dərs deyəcək müəllimlərin süni intellekt və rəqəmsal pedaqogika üzrə kompetensiyalarının inkişaf etdirilməsi, həmçinin tədris fəaliyyətinin məlumat əsaslı qiymətləndirilməsidir.
Müxbir – Vüsalə Cənnətova