Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi təklif edilir
Bakı, 15 sentyabr, AZƏRTAC
Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi təklif edilir.
AZƏRTAC xəbər verir ki, bu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 15-də keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihə ilə hüquqi şəxslərin terrorizmin maliyyələşdirilməsi ilə əlaqəli əməllərə görə məsuliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsi, maliyyə resurslarının terror fəaliyyətinə yönəldilməsinin qarşısının alınması və belə vəsaitlərə münasibətdə effektiv cinayət hüquqi tədbirlərin tətbiqi üçün zəruri hüquqi imkanlarının yaradılması təklif olunur.
Təklif olunan tənzimləmə Azərbaycanın beynəlxalq öhdəlikləri və FATF standartlarının məqsəd və tələbləri ilə uzlaşır, eyni zamanda, terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması sahəsində milli hüquqi mexanizmlərin səmərəliliyinin artmasına xidmət edir.
Qanun layihəsinə təklif edilən dəyişikliklər səsə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə edilib.