Firudin Qurbanov: Təhsil sistemi əmək bazarının gələcək tələblərini nəzərə almalıdır
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseydə 2026-2027-ci tədris ilinin başlanması münasibətilə Bilik Gününə həsr olunmuş tədbir keçirilib.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə nazir müavini Firudin Qurbanov, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, liseyin rəhbərliyi, müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov müasir dövrdə təhsil qarşısında dayanan əsas çağırışlardan danışıb. O bildirib ki, sürətlə dəyişən əmək bazarı və texnoloji inkişaf gələcəyin mütəxəssislərindən yeni bilik və bacarıqlar tələb edir. Bu baxımdan təhsil sisteminin əmək bazarının gələcək tələblərini nəzərə alması, şagirdlərin rəqəmsal və digər müasir bacarıqlara yiyələnməsi üçün imkanların yaradılması mühüm əhəmiyyət daşıyır.
Nazir müavini süni intellekt və rəqəmsal texnologiyaların təhsil prosesində rolunun artacağını qeyd edib. Onun sözlərinə görə, bu texnologiyalar gələcəkdə tədrisin fərdiləşdirilməsi, şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, eləcə də öyrənmə imkanlarının genişləndirilməsi baxımından mühüm imkanlar yaradacaq.
Çıxışda təhsil prosesində əsas diqqətin məlumatların əzbərlənməsinə deyil, şagirdlərin yaradıcı, analitik və tənqidi təfəkkürünün, müstəqil düşünmə və problem həll etmə bacarıqlarının inkişafına yönəldilməsinin vacibliyi vurğulanıb.
Təravət Muradova təhsilin cəmiyyətin inkişafında mühüm rol oynadığını qeyd edib, şagirdlərə yeni bilik və bacarıqlar qazanmalarını, müəllimlərə isə məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.
Liseyin direktoru Fərqanə İsayeva təhsilin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin hərtərəfli inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.
Tədbirdə lisey şagirdlərinin ifasında yeni tədris ilinə həsr olunmuş musiqi və bədii kompozisiyalar təqdim edilib.
Daha sonra Firudin Qurbanov liseydə tədris prosesi ilə tanış olub, müəllim və şagirdlərlə görüşərək onların fikirlərini dinləyib.