Səadət Təhmirazqızı: Üzeyir Hacıbəylinin Azərbaycan peşəkar musiqisinin inkişafındakı xidmətləri əvəzsizdir
Bakı, 15 sentyabr, AZƏRTAC
Dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan peşəkar musiqisinin inkişafındakı xidmətləri əvəzsizdir. Azərbaycanda peşəkar musiqi sənətinin əsasını qoyan dahi bəstəkarın yaradıcılığı milli musiqimizin müxtəlif janrlarının inkişafında mühüm rol oynayıb. Azərbaycan musiqi mədəniyyətinin hansı janrına nəzər yetirsək, diqqətimiz Üzeyir Hacıbəylinin yaradıcılığı üzərində dayanır. Bəstəkarın 1908-ci ildə yazdığı “Leyli və Məcnun” operası Azərbaycan bəstəkarlıq məktəbinin formalaşmasında mühüm mərhələ olub.
Bunu AZƏRTAC-a açıqlamasında sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı söyləyib.
O qeyd edib ki, “Leyli və Məcnun” ölməz Füzulinin eyniadlı poeması əsasında yaradılıb. “Əsər bəzən muğam operası da adlandırılır. Bunun əsas səbəbi operada baş qəhrəmanların çıxışlarının muğam intonasiyaları ilə ifadə olunmasıdır. Üzeyir Hacıbəyli Şərqdə ilk opera nümunəsini yaradarkən xalqın muğam sənətinə və Füzulinin qəzəllərinə olan bağlılığını nəzərə alıb. Bu yanaşma opera janrının xalq tərəfindən daha asan qəbul edilməsinə imkan verib. Üzeyir Hacıbəyli sonrakı yaradıcılığında da muğam və xalq musiqisinə əsaslanaraq Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verib. Onun 1937-ci ildə yazdığı “Koroğlu” operası isə bəstəkarın şah əsəri kimi qiymətləndirilir. Əsərdə muğam intonasiyaları və aşıq musiqisi ilə yanaşı, bəstəkarın özünəməxsus melodik təfəkkürü də geniş əksini tapıb.
Əməkdar mədəniyyət işçisi Üzeyir Hacıbəylinin fəaliyyəti yalnız bəstəkarlıqla məhdudlaşmadığını deyib: “O, musiqişünas, alim, pedaqoq, dramaturq, publisist və ictimai xadim kimi də Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynayıb. Bəstəkar yaradıcılığından əvvəl ədəbi fəaliyyətlə məşğul olub, dövrün qəzet və jurnallarında məqalələri dərc olunub, redaktor və tərcüməçi kimi fəaliyyət göstərib. Üzeyir Hacıbəylinin Azərbaycan peşəkar musiqisinin inkişafındakı əsas xidmətlərindən biri muğam sənətini peşəkar musiqi ilə birləşdirməsi, xalq musiqi alətlərini peşəkar musiqi mühitinə gətirməsi və milli musiqi ilə Qərb musiqi ənənələrinin sintezinə nail olmasıdır.
“Şah Abbas və Xurşidbanu” əsəri də Üzeyir Hacıbəylinin dəyərli yaradıcılıq nümunələrindəndir. Əsərin bəzi qorunub saxlanılan partituraları əsasında müəyyən fraqmentlərin bərpa olunması isə bu irsin yaşadılması baxımından əhəmiyyətlidir. Opera Qərbdən gələn janrdır. Üzeyir Hacıbəyli Şərqdə belə bir janr yaratmaqla xalq musiqisi ilə Qərb musiqisi elementlərinin qovuşmasına nail olub”.