“ASAN AI Hub” platformasında 50-yə yaxın süni intellekt həlli təqdim olunub
Bakı, 15 sentyabr, AZƏRTAC
Bu günədək “ASAN AI Hub” platformasında 50-yə yaxın süni intellekt həlli təqdim olunub. Onlardan 4-ü pilot mərhələsinə keçib. Platformadan 60 mindən çox istifadəçi yararlanır.
Bu barədə AZƏRTAC-a açıqlaması zamanı “ASAN AI Hub”ın rəhbəri Ləman İbrahimova deyib.
“Bundan əlavə, təbii ki, biz insan kapitalının inkişafına da çox böyük önəm veririk. Bu istiqamətdə platformada 20-dən çox qurumun 60-dan çox onlayn təlim proqramı təqdim olunur ki, istifadəçilərimiz bu sahə üzrə öz biliklərini daha da təkmilləşdirsinlər və beynəlxalq sertifikatlar əldə etsinlər. Tədqiqatlara da dəstək vermək məqsədilə 22 tədqiqatçıdan ibarət şəbəkəmiz var. Onlar xarici ekspertlərlə, onların elmi rəhbərliyi ilə yeni elmi məqalələrin yazılmasında da iştirak edirlər. Sabah bizim onlayn ekosistemimizə bir fiziki məkan da əlavə olunacaq. Burada fəaliyyət göstərən qurumların, startapların, tədqiqatçıların, universitetlərin əməkdaşlığını daha sıx həyata keçirmək və yeni ideyaların formalaşmasına, yeni həllərin yaranmasına töhfə vermək, eyni zamanda, bu imkanlardan yararlanmaq istəyirik”, – deyə “ASAN AI Hub”ın rəhbəri Ləman İbrahimova bildirib.