Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi qaydası müəyyənləşdirilir
Bakı, 15 sentyabr, AZƏRTAC
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 15-də keçirilən iclasında “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, qanun layihəsinə “İcra haqqında” qanuna “Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi” adlı yeni 46-1-ci maddənin əlavə edilməsi nəzərdə tutulur.
Yeni maddə tələbin həm borclunun özündə aşkar edilən sənədli qiymətli kağıza, həm də borclunun adına qeydə alınmış sənədsiz qiymətli kağıza, habelə mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağıza yönəldilməsi mexanizminin müəyyən edilməsini təklif edir.
Layihəyə əsasən, borclunun qiymətli kağızlarına dair məlumatların sorğulanması, üzərinə həbs qoyulması və tələbin həmin qiymətli kağızlara yönəldilməsi ilə bağlı tədbirlər “Elektron icra” informasiya sistemi vasitəsilə təşkil edilir.
Qanun layihəsinə təklif edilən dəyişikliklər səsə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə edilib.