® EMTA və “Xalq Bank” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və “Xalq Bank” arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənədi EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və “Xalq Bank”ın İdarə Heyətinin sədri Kamran Məcidov imzalayıblar.
Tərəflər fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditin verilməsi, o cümlədən güzəştli kreditin şərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinin monitorinqinin aparılması qaydası, geri qaytarılması, eləcə də müvəkkil kredit təşkilatının agentlik qarşısında hesabatlılığına dair münasibətlərin tənzimlənməsində razılığa gəliblər.
Tədbir zamanı Samir Axundov fondun fəaliyyəti və enerji səmərəliliyinin təşviqi istiqamətində atılan addımlar barədə məlumat verib. O, qeyd edib ki, enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə fondun vəsaiti hesabına müvəkkil kredit təşkilatı vasitəsilə güzəştli kreditlər verilməsi istiqamətində indiyədək ölkənin on üç aparıcı bankı ilə əməkdaşlıq müqaviləsi imzalanıb.
S.Axundov “Xalq Bank” ilə əməkdaşlığın da sözügedən sahədə uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.
“Xalq Bank”ın İdarə Heyətinin sədri Kamran Məcidov enerji effektivliyinin təşviqinin dayanıqlı inkişaf baxımından əhəmiyyətindən və bankın fondlarla iş təcrübəsindən danışıb. O, həmçinin imzalanan müqavilənin enerji səmərəliliyi layihələrinin həyata keçirilməsi üçün yeni imkanlar yaradacağını, həm də tərəflər arasında uzunmüddətli əməkdaşlığın inkişafını dəstəkləyəcəyini bildirib.