Portfel investisiyalarında xalis xarici maliyyə öhdəlikləri açıqlanıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Bu ilin altı ayında portfel investisiyaları üzrə xalis xarici maliyyə aktivləri 0,3 milyard dollar, xalis xarici maliyyə öhdəlikləri isə 2 milyard dollar azalıb.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, hesabat dövründə portfel investisiyaları üzrə aktivlər dövlət (23 milyon dollar) sektorunun hesabına artıb və bankların (265,2 milyon dollar), digər (39,2 milyon dollar) sektorun, kapitalda iştiraka təminat verən qiymətli kağızların (0,2 milyon dollar) sektorlarının hesabına isə azalıb.
Öhdəliklər isə əsasən, kapitalda iştiraka təminat verən qiymətli kağızların (57 min dollar) və digər (0,4 milyon dollar) sektorların artıb, dövlət (2 milyard dollar) sektorunun hesabına isə azalıb. Digər investisiyalar üzrə xalis xarici maliyyə aktivləri 0,7 milyard dollar azalıb, xalis xarici maliyyə öhdəlikləri isə 2,4 milyard dollar artıb.
Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis xarici maliyyə aktivləri 8,3 milyon dollar azalıb, xalis xarici maliyyə öhdəlikləri isə 2,5 milyard dollar artıb. Kreditlər və ssudalar üzrə xalis xarici maliyyə öhdəlikləri bank (0,2 milyard dollar) sektorunun, müəssisələrin kreditləri (0,1 milyard dollar) və neft-qaz sektorunun kreditləri (2,5 milyard dollar) hesabına artmış, dövlət kreditləri (0,2 milyard dollar) və dövlət zəmanətli kreditlər (0,1 milyard dollar) hesabına isə azalıb.
Depozitlər və nağd valyuta üzrə xalis xarici maliyyə aktivləri 1,3 milyard dollar, xalis xarici maliyyə öhdəlikləri isə 78,5 milyon dollar azalıb.