Hasan Kamil Yılmaz: Seyid Yəhya Bakuvi Xəlvətilikdəki anlayışları sistemləşdirən ustaddır
Bakı, 15 sentyabr, AZƏRTAC
Seyyid Yəhya Bakuvi Xəlvətilikdə piri-sani ruhu ilə təriqətin zikr, xəlvət kimi anlayışını sistemləşdirən bir ustaddır. Çox sayda xəlifə və mürşid yetişdirib. Onun yetişdirdiyi xəlifələr təriqətin Anadolu və Balkanlarda təşkilatlanaraq yayılmasını təmin ediblər.
AZƏRTAC xəbər verir ki, bunu İstanbul “Sabahattin Zaim” Universitetinin İslami Elmlər Fakültəsinin dekanı professor Hasan Kamil Yılmaz Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində keçirilən “İslam dünyasının mədəni irsində Seyid Yəhya Bakuvi zirvəsi: mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda Birinci Beynəlxalq Konfransın ikinci günündə çıxışı zamanı deyib.
Professor bildirib ki, Fatih Sultan Mehmed və onun oğlu II Bəyazid dövründən etibarən Xəlvətilik, demək olar ki, İstanbulda və Anadolu torpaqlarında ən geniş yayılmış təriqətə çevrilib. Bu yayılma 1925-ci ildə təriqətlərin dövlət tərəfindən qadağan edilməsinə qədər davam edib. Təkkələr bağlandığı zaman İstanbulda mövcud olan 300 təkkənin yarısından çoxunun xəlvətilərə aid olması bunun ən mühüm göstəricilərindən biri hesab edilə bilər.
Alim Seyid Yəhya Bakuvinin Xəlvətiliklə bağlı rol və təsirini üç mərhələdə qiymətləndirib. Birinci mərhələ Azərbaycanda və Anadoluda Xəlvətiliyin təsis və təşkilatlanmasına verdiyi töhfə və Xəlvətiliyin piri-sani olmasıdır.
“İkincisi, Anadoluda irşad səfərbərliyinə başlaması və yetişdirdiyi güclü xəlifələri Anadoluda fəaliyyət göstərməyə yönəltməsidir. Üçüncüsü, Xəlvətilik qollarının Osmanlı coğrafiyasının tamamına yayılması, daha sonra Şimali Afrikaya, hətta Cənubi Afrikaya və digər uzaq Asiya ölkələrinə qədər çatmasını təmin etməsidir”, - deyə Hasan Kamil Yılmaz bildirib.