Mərkəzi Bank: İlkin gəlirlər balansında kəsir azalıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Bu ilin ilk altı ayında ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 1,4 milyard dollar kəsir, qeyri-neft-qaz sektoru üzrə isə 0,5 milyard dollar profisit olub. Nəticədə ilkin gəlirlər balansında kəsir 15,8 faiz azalaraq 0,9 milyard dollar təşkil edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, ilkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 4,7 milyard dollar olub. Bunun 59,7 faizini 2,8 milyard dollar olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib. Bu məbləğin isə əsas hissəsini (2 milyard dollar) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 1,8 milyard dollar beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft
və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (114,9 milyon dollar), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (242,8 milyon dollar) və digər ödənişlər (467,8 milyon dollar) təşkil edib.
Digər ödənişlərin böyük hissəsi (306,6 milyon dollar) ölkə iqtisadiyyatına yenidən investisiya (Azərbaycanda qazanılan faiz gəlirlərinin ölkəyə təkrarən investisiyası) formasında daxil olduğu üçün birbaşa xarici investisiyalar maddəsində nəzərə alınıb.