Səməd Vurğunun qızı: Uşaqlıq illərimin ən isti xatirələri atamla bağlıdır
AZƏRTAC Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılıq irsinə həsr olunmuş silsilə yazılarını davam etdirir
Bakı, 15 sentyabr, AZƏRTAC
Nəşrin layihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də hiss və əqidəsinə dərindən bağlı olan səmimi, qətiyyətli və duyğulu bir insan kimi görməyə imkan verir.
AZƏRTAC silsilənin növbəti yazısında Azərbaycan Xalq şairinin qızı Aybəniz Vurğunqızının xatirələrinin davamını oxuculara təqdim edir. O, atası ilə birlikdə bağ evində keçirdiyi xoşbəxt günlərdən, onun əməyə sevgisindən və görkəmli cərrah Mustafa bəy Topçubaşovla dostluğundan danışır.
“Yazda bağa köçərdik. Atam yük maşını gətizdirər, ev ləvazimatı, yorğan-döşək maşına yüklənərdi. Biz, üç uşaq bu maşınla gedərdik. Sevincimizin həddi-hüdudu olmazdı. Nənəm (anamın anası), atam və anam minik maşınında arxamızca gələrdilər. Yolda onların maşını bizi ötəndə atam əl eləyər, işarə ilə dinc oturmağımızı tapşırardı.
Bağa çatan kimi özü quyudan su çəkib, evə daşıyardı, bizi də özünə “köməkçi” edərdi, balaca qablarda su daşıyardıq. Axşamlar samovarın ətrafında oturub uzun-uzadı söhbət edərdik. Bağ günlərimiz belə şən keçərdi. Sonra atamla anam şəhərə gedər, bir də, adətən şənbə günləri bağa gələrdilər. Biz – uşaqlar nənəmizlə bağda qalardıq.
Atam bağda olanda onu doyunca görərdik. Bizimlə tez-tez zarafat eləyərdi. Bağımızdakı birmərtəbəli evin uzun bir şüşəbəndi vardı. O vaxt şüşəbəndin yuxarı hissəsində böyük bir stol qoyulmuşdu. Atam həmişə stolun baş tərəfində oturardı. Bir dəfə, nahar zamanı o, boşqabından ən yaxşı sümüklü ət parçasını götürüb həyətə tərəf getmək istəyəndə: “– Ata, onu mənə ver”, dedim.
O isə: “Yox, bu Reksin payıdır”, – dedi. Mən pərt oldum: – “Eh sən bu iti bizdən çox istəyirsən”, – deyəndə o ciddi bir görkəm aldı: “– Yox, hamınızı bir istəyirəm”, – dedi.
Hamı gülüşdü. Bu əhvalat o vaxtlar evimizdə və bağda baş verən başqa məzəli əhvalatlar kimi tez-tez atamın yadına düşərdi...
Atam həyətdə böyük həvəslə işlər, bağbanla birgə kartof, soğan pomidor, badımcan əkər, onları suvarar, məhsulu toplayardı. Bizə qonaq gələn qohum və dostlarına zəhmətinin bəhrəsini göstərib sevinər, hamıya pay verərdi. Atamın “bağbanlıq” fəaliyyətinə hamıdan çox Mustafa bəy Topçubaşov (M.Topçubaşov və S.Vurğun o zaman Azərbaycan SSR EA-nın vitse-prezidenti idilər) qiymət verirdi:
– Səməd, sənin istedadın bu sahədə də özünü göstərir. Mən ömrümdə belə ləzzətli kartof yeməmişəm.
Atamın vəfatından sonra biz Mustafa bəygillə tez-tez gedərdik. O, öz əziz dostunu ürək ağrısı ilə yad edər, onun sadəliyindən, qeyri-adi bir şəxsiyyət olmasından danışardı. Bir dəfə Mustafa bəy dedi:
– Ay qızım, mən indi də başa düşmürəm, bu dəhşətli xəstəlik Səmədi necə tapdı. Axı, o, fiziki cəhətdən çox sağlam idi. Yalnız sol ayağına qan pis işləyirdi, o da, adətən, papiros çəkən adamlarda olur. Dönə-dönə tapşırmışdım ki, papirosu atsın. Hətta bir neçə ildən sonra onu ayaqsız qalacağı ilə qorxutmuşdum. Bir gün o, mənə zəng edib sevinclə dedi:
– Mustafa bəy, deyəsən, mən bu papirosu tərgidə bilməyəcəyəm. İndi 50-yə yaxın yaşım var. Bu vaxtacan iki ayaqla yaşamışam, sən deyən olsa, on beş-iyirmi il də bir ayaqlı yaşaram. Bu da bəsimdi... Təki şeirimizi yaza bilək. Sən də daha bu barədə fikir eləmə...
Mustafa bəy bunları danışdıqca mən atamın ağrılı günlərini xatırlayırdım. Axşamlar yerinə uzananda ya məni, ya Vaqifi çağırırdı ki, onun ayağına baxaq. Qanın pis işləməsindən elə hey gileylənirdi, söz verirdi ki, daha papiros çəkməyəcək, amma səhərisi yenə çəkirdi.
Yeri gəlmişkən, deyim ki, Mustafa bəy atamdan sonra da bizim ailəmizə, hətta balaca nəvələrə də ürəkdən qayğı göstərər, hörmət edərdi. Ondan həmişə mehribanlıq görər, evə ümidlə qayıdardıq.
Mustafa bəy Topçubaşov və onun ömür-gün yoldaşı Reyhan xanım, doğrudan da, dünyadan köçmüş bir çox dostlarının övladları üçün sözün həqiqi mənasında mənəvi ata və ana olmuşlar.”
Ardı var...
Müxbir – Günel Alıyeva