Şəmkirdə Bilik Günü: Əhməd Cavad adına məktəbin yeni korpusu istifadəyə verilib
Şəmkir, 15 sentyabr, AZƏRTAC
Şəmkirdə Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbində Bilik Günü və təhsil müəssisəsinin 522 şagird yerlik yeni korpusunun istifadəyə verilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, məktəbin müəllim kollektivi və şagirdləri, eləcə də valideynlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, çıxışlarda təhsil sahəsində əldə edilən uğurlardan söz açılıb, ölkəmizdə təhsil sisteminin inkişafı istiqamətində həyata keçirilən islahatların regionlarda da öz müsbət nəticələrini verdiyi vurğulanıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov vurğulayıb ki, məktəblərdə müasir şəraitin yaradılması təhsilin keyfiyyətini kökündən dəyişir və şagirdlərin gələcək uğurları üçün möhkəm bünövrə qoyur. Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində 315 tam orta təhsil müəssisəsinin fəaliyyət göstərdiyi, yeni tədris ilində həmin məktəblərin birinci siniflərində 7000-ə yaxın şagirdin təhsil alacağı da diqqətə çatrdırılıb. Təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə İdarənin tabeliyində olan 41 təhsil müəssisəsində təmir-tikinti işləri həyata keçirildiyi bildirilib. Vurğulanıb ki, Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəb də müasir tələblərə cavab verən təhsil müəssisələrindən biridir. Yeni tədris ilində məktəbdə 1200 şagird təhsil alacaq. Onlardan 102-si birinci sinfə qədəm qoyub. 1965-ci ildən fəaliyyət göstərən məktəbin 624 şagird yerlik korpusu yenidənqurma və əsaslı təmir işlərindən sonra 2025-ci ildə istifadəyə verilib. 522 şagird yerlik, üçmərtəbəli yeni korpusda da şagirdlərin müasir standartlara uyğun təhsil alması üçün hərtərəfli şərait yaradılıb. Burada müasir sinif otaqları ilə yanaşı, fizika və biologiya laboratoriyaları, informatika və hərbi təlim otaqları, kitabxana, yeməkxana və idman zalı məktəblilərin ixtiyarında olacaq.
Tədbir bədii hissə ilə davam edib. Məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, mahnılar oxuyub və rəqslər nümayiş etdiriblər.
Daha sonra tədbir iştirakçıları yeni korpusda yaradılan şəraitlə tanış olublar.
Müxbir – Vüsalə Cənnətova