15 Sentyabr – Bakı Zəfəri Azərbaycan dövlətçiliyinin tarixində dönüş nöqtəsidir
Bakı, 15 sentyabr, AZƏRTAC
1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi XX əsr Azərbaycan tarixinin mühüm hadisələrindən biri olmaqla yanaşı, milli dövlətçiliyimizin taleyini müəyyənləşdirən dönüş nöqtəsi olub. Bu Zəfər Azərbaycan Xalq Cümhuriyyətinin suverenliyinin real məzmun qazanması, ölkənin əsas siyasi-iqtisadi mərkəzi olan Bakının Milli Hökumətin nəzarətinə keçməsi və Azərbaycan-Türkiyə qardaşlığının hərbi-siyasi müstəvidə parlaq təzahürü baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri dosent Namiq Məmmədov söyləyib.
Tarixçi-alim qeyd edib ki, Rusiya imperiyasının süqutundan sonra Cənubi Qafqazda yaranmış mürəkkəb siyasi vəziyyət Bakının əhəmiyyətini daha da artırmışdı. Zəngin neft ehtiyatları, Xəzər hövzəsində strateji mövqeyi və Qafqazın əsas sənaye mərkəzi olması şəhəri müxtəlif regional və beynəlxalq qüvvələrin maraq dairəsinə çevirmişdi. 1918-ci ilin mart-aprel aylarında Bakıda və Azərbaycanın bir sıra bölgələrində törədilmiş soyqırımı vəziyyəti daha da ağırlaşdırmışdı. Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinə baxmayaraq, hökumət ölkənin əsas siyasi mərkəzi olan Bakıya nəzarət edə bilmirdi. Bu səbəbdən Bakının azad edilməsi yeni yaranmış Azərbaycan dövlətinin qarşısında duran mühüm strateji vəzifələrdən birinə çevrilmişdi.
N.Məmmədovun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında 1918-ci il iyunun 4-də Batumidə imzalanmış müqavilə bu baxımdan tarixi əhəmiyyət daşıyırdı. Müqavilənin yaratdığı siyasi-hüquqi çərçivə əsasında Azərbaycana hərbi yardım göstərilmiş, Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu yaradılmışdı. Qafqaz İslam Ordusunun fəaliyyəti yalnız Osmanlı dövlətinin Azərbaycana göstərdiyi hərbi yardım kimi qiymətləndirilməməlidir. Bu, Azərbaycan və Türkiyə hərbi qüvvələrinin ümumi məqsəd uğrunda birgə mübarizəsinin tarixi nümunəsi idi. O qeyd edib ki, 1918-ci ilin iyun-iyul aylarında Göyçay istiqamətində gedən döyüşlər Qafqaz İslam Ordusunun hərbi əməliyyatlarının həlledici mərhələlərindən biri olub. Göyçay qələbəsindən sonra hərbi təşəbbüs tədricən Qafqaz İslam Ordusunun əlinə keçib. Ardınca Kürdəmir, Ağsu və Şamaxı istiqamətlərində əldə olunan uğurlar Bakıya doğru irəliləyiş üçün əlverişli şərait yaradıb.

Tarixçi bildirib ki, Bakı uğrunda mübarizə mürəkkəb geosiyasi şəraitdə gedirdi. Bakı Sovetinin süqutundan sonra hakimiyyətə gələn Sentrokaspi Diktaturası şəhərin müdafiəsinə Böyük Britaniyanın hərbi dəstəsini də cəlb etmişdi. Beləliklə, Bakı uğrunda döyüşlər Birinci Dünya müharibəsinin Qafqazdakı geosiyasi rəqabətinin mühüm tərkib hissəsinə çevrilmişdi.
“Bakının azad edilməsi yalnız hərbi qələbə deyildi. Əgər 28 may Azərbaycan dövlət müstəqilliyinin elan edilməsini ifadə edirdisə, 15 sentyabr həmin müstəqilliyin ölkənin ən mühüm siyasi-iqtisadi mərkəzində real hakimiyyətə çevrilməsinin başlıca mərhələlərindən biri idi”, - deyə müsahibimiz bildirib. O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədən Bakıya köçməsi ilə şəhər müstəqil Azərbaycan dövlətinin faktiki siyasi mərkəzinə çevrilib. Bununla da Cümhuriyyətin dövlət quruculuğunda yeni mərhələ başlanıb, dövlət aparatının formalaşdırılması, parlamentin yaradılması, ordunun möhkəmləndirilməsi, təhsil, mətbuat və diplomatiya sahələrində mühüm addımlar atılıb.
Namiq Məmmədov diqqətə çatdırıb ki, 15 sentyabr Azərbaycan-Türkiyə münasibətləri tarixində də xüsusi yer tutur. Bu tarix iki dövlət arasında yalnız diplomatik əməkdaşlığın deyil, həm də ortaq fədakarlığın, silahdaşlığın və mənəvi həmrəyliyin rəmzinə çevrilib.
“Bu gün Azərbaycan-Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsinin tarixi köklərindən danışarkən Qafqaz İslam Ordusunun keçdiyi döyüş yolu və 1918-ci il 15 sentyabr Bakı zəfəri xüsusi olaraq xatırlanmalıdır. 15 Sentyabr həm Bakının azad edilməsinin, həm Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinin, həm də iki qardaş xalqın ortaq tarixinin, qarşılıqlı sədaqət və həmrəyliyinin rəmzlərindən biridir”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.
Müxbir - Tünzalə Arazlı