Mustafa Aşurov: Dahi bəstəkarlarımızın miras qoyduğu musiqi ənənələrini yaşadırıq
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində “18 əsərin sehri” adlı konsert proqramı təqdim olunacaq. Bu əlamətdar gün münasibətilə artıq ənənəvi olaraq 18 əsərdən ibarət xüsusi konsert proqramı hazırlayırıq. Proqramda Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsərləri ilə bərabər, onun zəngin yaradıcılıq irsini yaşadan və Üzeyir bəy məktəbini layiqincə davam etdirən görkəmli bəstəkarlarımızın da əsərləri səsləndiriləcək.
Bunu AZƏRTAC-a açıqlamasında Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktor-baş dirijoru, Prezident mükafatçısı Mustafa Aşurov deyib.
O qeyd edib ki, ənənəyə uyğun olaraq, builki konsert proqramında Üzeyir Hacıbəyli ilə eyni gündə dünyaya gəlmiş, onun yaxın dostu və sənət yolundakı mənəvi dəstəkçisi görkəmli bəstəkar Müslüm Maqomayevin də əsərinə yer verilib.
“Belə layihələrin ərsəyə gəlməsində dövlətimizin milli musiqi irsimizin qorunmasına, klassik və peşəkar musiqi ənənələrinin yaşadılmasına göstərdiyi diqqət və qayğını xüsusi vurğulamaq istərdim. Bu gün Azərbaycanda keçirilən musiqi festivalları və konsertlər milli musiqi xəzinəmizin təbliğinə mühüm töhfə verir. Biz də öz növbəmizdə dinləyicilərin qarşısına hər dəfə daha maraqlı və zəngin proqramla çıxmağa çalışırıq. Yeni orkestrləşdirmə və aranjimanlarla yanaşı, dahi bəstəkarlarımızdan miras qalan musiqi ənənələrini yaşatmaq, gələcək nəsillərə ötürmək və mədəniyyətimizə layiqincə xidmət etmək əsas məqsədimizdir”, — deyə Mustafa Aşurov bildirib.
Müxbir – Gülay Nəzərova