Baş Kollektiv Saziş çərçivəsində işçilər hansı əlavə təminatlar əldə edəcəklər?
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ( AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında bağlanmış 2026-2028-ci illər üçün Baş Kollektiv Saziş əmək münasibətlərinin daha səmərəli tənzimlənməsi, işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsi və sosial tərəfdaşların fəaliyyət istiqamətlərinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyətə malik sənəddir. Bu baxımdan 2026-2028-ci illər üzrə Baş Kollektiv Sazişdə əsas diqqət layiqli əməyin təşviqinə, məşğulluğun qorunmasına, əməyin ödənişinin və sosial təminatın yaxşılaşdırılmasına, təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsinə, peşə hazırlığı və ixtisasartırma imkanlarının genişləndirilməsinə, eləcə də həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə yönəlib.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq AHİK-dən məlumat verilib.
Bildirilib ki, mühüm yenilik kimi ilk dəfə olaraq Sazişə iqlim dəyişmələri və uyğunlaşma tədbirləri, eləcə də rəqəmsallaşma və süni intellektlə bağlı yeni bölmələr əlavə edilib, beynəlxalq hüquq və öhdəliklər isə vahid bölmə şəklində sistemləşdirilib. Beləliklə, müasir dövrün çağırışları və tərəflərin üzərinə düşən öhdəliklər Sazişdə kifayət qədər dəqiq müəyyənləşdirilib ki, bu da nəzərdə tutulan tədbirlərin və təminatların praktik şəkildə icrasına xidmət edir.
AHİK hesab edir ki, Baş Kollektiv Saziş yalnız əmək münasibətlərinin tənzimlənməsi baxımından deyil, həm də işçilərin sosial rifahının yüksəldilməsi, əmək bazarında baş verən dəyişikliklərə dayanıqlı uyğunlaşmanın təmin edilməsi və sosial tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Müxbir - Günel Türksoy