Paytaxtın 21 nömrəli tam orta məktəbində Bilik Günü qeyd olunub VİDEO
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Bakı şəhərindəki 21 nömrəli tam orta məktəbdə 2026-2027-ci tədris ilinin başlanması münasibətilə Bilik Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirin bədii hissəsində musiqi nömrələri təqdim olunub, məktəbin xor kollektivinin və birincilərin çıxışı dinlənilib.
Tədbirdə çıxış edən məktəbin direktoru Elgün Əliyev ötən tədris ilində əldə olunan uğurlardan və qarşıda duran hədəflərdən danışıb.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yeni tədris ilində məktəb kollektivinə və şagirdlərə uğurlar arzulayıb. Elm və təhsil naziri Emin Əmrullayev isə təhsil ictimaiyyətini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Nazir ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən və qarşıda duran əsas hədəflərdən danışıb.
Tədbirin sonunda yeni tədris ilinin ilk zəngi səsləndirilib.
Daha sonra elm və təhsil naziri Emin Əmrullayev sinif otaqlarına daxil olaraq şagirdlərlə tanış olub, onların təəssüratları ilə maraqlanıb və yeni tədris ilində onlara uğurlar arzulayıb.