Qusarda Dövlət Proqramı çərçivəsində həyata keçirilən işlərlə bağlı monitorinqlər aparılıb
Qusar, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Qusar rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində nəzərdə tutulan tədbirlərin icrası davam etdirilir.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşının iştirakı ilə Dövlət Proqramı çərçivəsində rayonda həyata keçirilən işlərlə bağlı monitorinqlər aparılıb.
Monitorinqlərdə Qusar Rayon İcra Hakimiyyətinin, Qusar Su Meliorasiyası Sistemlərinin İstismarı İdarəsinin, Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, aidiyyəti qurumların məsul əməkdaşları və sahibkarlar iştirak ediblər.
Monitorinqlər çərçivəsində məsul şəxslər rayonda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüb, təsərrüfatlara baxış keçirib, həyata keçirilən investisiya layihələri, mövcud istehsal imkanları və qarşıdakı dövr üçün nəzərdə tutulan layihələrlə yerində tanış olublar.
Görüşlər zamanı sahibkarların təklifləri, qarşılaşdıqları problemlər, eləcə də Dövlət Proqramı çərçivəsində Qusarda kənd təsərrüfatının inkişafı, investisiya qoyuluşlarının artırılması, istehsal və emal imkanlarının genişləndirilməsi istiqamətində qarşıda duran məsələlər müzakirə olunub.
Qeyd edilib ki, Qusarın yüksək aqrar potensialından səmərəli istifadə olunması, müasir texnologiyaların tətbiqi, məhsuldarlığın və ixrac imkanlarının artırılması Dövlət Proqramında müəyyənləşdirilmiş hədəflərin rayon səviyyəsində həyata keçirilməsinə mühüm töhfə verəcək.
Müxbir - Elxan Yusifli