Lənkəranda bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda təlim başlayıb
Lənkəran, 15 sentyabr, AZƏRTAC
Ombudsman Aparatının elan etdiyi “Sülh Aylığı” çərçivəsində Lənkəran şəhərində “Bərabərlik, ayrı-seçkiliyə yol verilməməsi və inklüzivliyin təşviqi” mövzusunda üçgünlük təlim keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Ombudsman Təsisatı və Avropa Şurasının Bakı Ofisinin əməkdaşlığı ilə təşkil olunan təlim bərabərlik və inklüzivlik dəyərlərinin təşviqinə, eləcə də ayrı-seçkilik, nifrət nitqi və dözümsüzlüyün bütün formalarının qarşısının alınması istiqamətində məlumatlılığın artırılmasına xidmət edir.
Təlimdə Ombudsman Aparatının əməkdaşları ilə yanaşı, mərkəzi və yerli icra hakimiyyəti, məhkəmə və hüquq-mühafizə orqanlarının, o cümlədən cənub regionunda fəaliyyət göstərən müxtəlif qurumların nümayəndələri iştirak edirlər.
Tədbir müddətində yerli və xarici ekspertlər tərəfindən ayrı-seçkiliyin müxtəlif formaları, nifrət nitqi və ifadə azadlığı, ayrı-seçkilik yaradan narrativlər, eləcə də rəqəmsal mühitdə bərabərlik və inklüzivlik mövzularında təqdimatlar olunur, geniş fikir mübadiləsi aparılır. Proqramda, həmçinin uşaqlara qarşı ayrı-seçkiliyin qarşısının alınması, əlilliyi olan şəxslərin hüquqlarına insan hüquqları əsaslı və inklüziv yanaşmalar, bərabərlik hüququnun təşviqi və uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi məsələləri də yer alır.
İştirakçılar ayrı-seçkilik və nifrət nitqinə qarşı mübarizə, zərərli stereotiplərin müəyyənləşdirilməsi, eləcə də sosial həmrəyliyi təşviq edən effektiv kommunikasiya vasitələrinin hazırlanması ilə bağlı praktiki müzakirələr keçirirlər.
Ümumilikdə təlim iştirakçıların bərabərlik və inklüzivliyin təşviqi istiqamətində bilik və bacarıqlarının artırılmasına yönəlib.
Təlim sentyabrın 17-də yekunlaşacaq.
Müxbir- İlkin Adıyev