Quba-Xaçmaz regionu üzrə 6350 şagird birinci sinfə qədəm qoyub
Quba, 15 sentyabr, AZƏRTAC
2026–2027-ci tədris ilində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 82 min 268 şagirdin təhsil alması nəzərdə tutulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni tədris ilində region üzrə ümumi təhsil müəssisələrinin I siniflərinə 6 min 350 şagird qədəm qoyacaq. IX siniflərdə 6 min 268, XI siniflərdə isə 8 min 221 şagird təhsil alacaq. Bu barədə 15 sentyabr – “Bilik Günü” münasibətilə Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyində keçirilən tədbirdə bildirilib.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov çıxış edərək təhsil sahəsində aparılan islahatlardan, yeni tədris ilinə hazırlıq çərçivəsində regionda təhsil infrastrukturunun inkişafı istiqamətində görülən işlərdən danışıblar.
Bildirilib ki, Quba, Qusar və Şabran rayonlarında yeni məktəb binalarının tikintisi həyata keçirilir.
Hazırda Quba rayonunun Hacıhüseynli kəndində 528 şagird yerlik, Qusar rayonunun Kuzunqışlaq kəndində 220 şagird yerlik, Şabran rayonunun Ağalıq kəndində isə 648 şagird yerlik tam orta ümumtəhsil məktəbinin tikintisi davam edir.
Yeni məktəb binalarının istifadəyə verilməsi ilə həmin ərazilərdə şagirdlərin daha müasir və əlverişli təhsil mühiti ilə təmin olunmasına, təhsil infrastrukturunun yaxşılaşdırılmasına və məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə imkan yaranacaq.
Müxbir - Elxan Yusifli