Azərbaycan millisinin basketbolçusu: Göstərə biləcəyimiz maksimum nəticəni əldə etdik
Bakı, 15 sentyabr, AZƏRTAC
Göstərə biləcəyimiz maksimum nəticəni əldə etdiyimizə inanıram.
Bu sözləri AZƏRTAC-a açıqlamasında basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Dina Ulyanova Avropa çempionatında bürünc medal qazanılması ilə bağlı danışarkən deyib.
Turnirin ən çətin oyununu xatırladan idmançı bildirib: "Ən çətin qarşılaşmamız İspaniyaya qarşı oldu. Şans bütün oyun boyunca onların tərəfində idi. Bizim atışlarımız halqadan çıxdığı halda, onlar son saniyələrdə inanılmaz xallar qazanırdılar. Lakin mübarizə son saniyəyə qədər davam etdi. Bu oyundan sonra əsas tapşırıq ruhdan düşməmək və bürünc medalı götürmək idi ki, bunun da öhdəsindən gəldik".
Azarkeş dəstəyinin əhəmiyyətinə toxunan basketbolçumuz vurğulayıb: "Tribunada ölkəmizin bayrağını görmək bizim üçün çox vacib idi. Belə məqamlarda xüsusi məsuliyyət hiss edirsən. Azarkeşlərin dəstəyi isə tam başqa bir motivasiyadır. Onların səslərini eşidəndə, necə həyəcanlandıqlarını və bizə inandıqlarını görəndə meydanda daha çox güc qoymaq istəyirsən. Onların enerjisi güc verir və oyunun ən çətin anlarında belə təslim olmamağa kömək edir".
Milli komandanın üzvü mövsüm ərzində yaşanan zədələrə də diqqət çəkib: "Bu mövsüm çoxlu zədələrimiz oldu. Bu səbəbdən turnirin böyük hissəsini optimal heyətdə keçirə bilmədik və əsas heyətlə istədiyimiz qədər çox oyun keçirmədik. Əlbəttə ki, bu, müəyyən çətinliklər yaradırdı, lakin turnirin gedişində bunun öhdəsindən gələ bildik, vəziyyətə uyğunlaşdıq və irəli getməyə davam etdik. Yekunda layiqli nəticə göstərə bildik və bu mövsüm keçdiyimiz bütün halları nəzərə alsaq, hazırkı məqamda bunu optimal nəticə hesab edirəm".