Direktor: 21 nömrəli məktəbdə 162 şagird üçün yeni təmayül modeli tətbiq olunacaq
Bakı, 15 sentyabr, AZƏRTAC
Yeni tədris ilindən 21 nömrəli məktəbdə 162 istedadlı şagird üçün yeni tədris-təmayül modelinin tətbiqinə başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bunu 21 nömrəli məktəbin direktoru Elgün Əliyev Bilik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib. Direktor bildirib ki, son iki il ərzində məktəbdə təlim-tərbiyə və nizam-intizam istiqamətində aparılan məqsədyönlü işlər təhsil nəticələrinin yaxşılaşmasına da müsbət təsir göstərib.
“IV və VI siniflərin monitorinq, IX-XI siniflərin buraxılış imtahanı, eləcə də qəbul imtahanlarının nəticələrinə əsasən məqsədyönlü şəkildə inkişaf yolu keçmişik. Xüsusilə vurğulamaq istədiyimiz uğurlardan biri XI sinif şagirdimizin 637 balla Qarabağ Universitetinin Tibb fakültəsinə qəbul olmasıdır. Həmin şagirdimizi və valideynlərini təbrik edirik. Təəssüf ki, tədris ili ilə əlaqədar hazırda universitetdə olduqları üçün tədbirdə iştirak edə bilmirlər”, – deyə Elgün Əliyev bildirib.
O, məktəbin digər uğurunun 6-cı sinif şagirdinin Respublika Fənn Müsabiqələrində riyaziyyat üzrə bürünc medal qazanması olduğunu qeyd edib.
“Məktəbimizdə, hətta rayonumuzda bu il böyük bir yenilik olub. 162 istedadlı gəncdən ibarət tam orta təhsil layihəsinin, yeni tədris-təmayül modelinin bu il təməlini qoyduq. Buraxılış imtahanında yüksək bal toplamış, Azərbaycanın gələcəyi olan bu istedadlı gənclərlə bağlı gələcəkdə peşəyönümlü və ixtisasyönümlü tədris modelinə başlayacağıq. Əminəm ki, bu il həm məktəbimiz, həm rayonumuz, dolayısı ilə təhsilimiz üçün böyük addımlar atmış olacağıq. Məktəb beynəlxalq qiymətləndirmə nəticələri ilə də fərqlənir.
PISA-nın ilkin təhlillərinə əsasən Bakı şagirdlərinin riyaziyyat, təbiət və oxu bacarıqları üzrə nəticələrində əhəmiyyətli inkişaf müşahidə olunur. Ölkəmiz 91 ölkə içərisində, Bakı təmsilçisi olaraq inkişaf etmiş, ən inkişaf etmiş iki ölkədən birincisidir. Həm riyaziyyat, həm təbiət, həm də oxu bacarıqlarının inkişafı üzrə diqqət çəkəcək qədər öndəyik”, – deyə direktor fikrini yekunlaşdırıb.