Ökü kurqanlarında maraqlı arxeoloji tapıntılar üzə çıxarılıb
Bakı,15 sentyabr, AZƏRTAC
AMEA Arxeologiya və Antropologiya İnstitutunun Yardımlı arxeoloji ekspedisiyasının rayon ərazisindəki Ökü kurqanlarından birində arxeoloji qazıntıları başa çatıb. İnstitutun aparıcı elmi işçisi dosent Anar Ağalarzadənin rəhbərliyi altında aparılmış arxeoloji qazıntılar nəticəsində kurqan üzərində maraqlı dəfn adətləri müəyyən edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Ökü kurqanları Yardımlı-Arvana şose yolunun sağ tərəfində, yoldan 1,5 kilometr şimal-şərqdə, Qayabaşı adlanan hündür dağ silsiləsinin ətəyində yerləşir. Arxeoloji qazıntılar nəticəsində şərq və cənub-şərq tərəfdə, bir-birinə yaxın beş dəfn yeri üzə çıxıb. Ərazinin sərt torpaq relyefi və ümumi landşaftı buradakı dəfnlərin dayaz qazılmış qəbir kameraları ilə tamamlanıb. Qəbirlər bir qayda olaraq insan dəfnlərinin ətrafı boyu daş düzülməklə salınıb. Maraqlı xüsusiyyət isə dəfnlərin müxtəlif tipdə olmasıdır. Burada sağ yanı üstə sıx bükülü, arxası üstə uzadılmış və hətta dik basdırılmış gil qabın içərisində parçalanaraq dəfn edilmiş insan skeletlərinə də təsadüf olunub. Analoji dəfnlər 2019-cu ildə Yardımlının Komanı yaylaqlarında da qazılaraq tədqiq edilib.
Ökü kurqanının arxeoloji materialları əsasən qırmızı rəngli, qum tərkibli və “ələ bulanan” xassəli keramika ilə müşayiət olunan qablardır. Fraqmentlər halında tapılmasına baxmayaraq, qabların tipoloji təsvirini asanlıqla müşahidə etmək olur. Bunlar küpə, kuzə və miniatür qab qırıqlarıdır. Kurqanın ən maraqlı xüsusiyyəti isə burada daşdan yonulmuş insan bütləri və digər əmək alətləridir. Qəbirlərin baş tərəfindəki bəzi qaya daşları üzərindəki qazıma üsulunda həndəsi motivli işarələr və “həyat ağacı” təsviri Ökü abidələrinin xüsusiyyətlərini daha dərindən öyrənməyə imkan verəcək.