Şükürbəyli kənd tam orta məktəbində 33 ildən sonra ilk zəng çalınıb FOTOLAR
Cəbrayıl, 15 sentyabr, AZƏRTAC
İşğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kənd tam orta məktəbində 33 ildən sonra ilk zəng çalınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şükürbəyli kənd məktəbi 1926-cı ildən fəaliyyətə başlayıb. Məktəbə ilk dəfə 9 uşaq cəlb olunub. 1934-cü ildə ibtidai məktəb yeddiillik təhsil müəssisəsinə çevrilib, 1937-ci ildə birtipli layihə əsasında yeni məktəb binası inşa edilərək istifadəyə verilib. 1957-ci ildən isə məktəb orta məktəb kimi fəaliyyət göstərib. 1993-cü ilin mayında məktəbdə tədris ilinin son zəngi çalınıb.
İşğal illərində kənddə evlər dağıdılıb, ocaqlar sönüb, sakinlər doğma yurdlarından məcburi köçkün düşüblər. Uzun illər Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan Cəbrayıl sakinlərinin övladları tədris ilinin ilk və son zənglərini doğma yurdlarından kənarda qarşılayıblar. 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra Cəbrayıl rayonu da işğaldan azad edilib. Qarabağ və Şərqi Zəngəzurda həyatın yenidən canlanması, yaşayış məntəqələrinin bərpası və sakinlərin doğma yurdlarına qayıdışı istiqamətində genişmiqyaslı işlər görülür. Həmçinin Şükürbəyli kəndi də öz sakinlərinə yenidən qucaq açıb.
Bu gün daha bir tarixi gün yaşanıb və kənd məktəbində 33 ildən sonra tədris ili başlayıb. Bu münasibətlə Şükürbəyli kənd tam orta məktəbində təşkil olunan tədbirdə Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin rəhbəri Fuad Bədəlov, digər rəsmi şəxslər, məktəb kollektivi, şəhid ailələrinin üzvləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından, işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən canlanmasından və Böyük Qayıdış çərçivəsində görülən işlərdən danışıblar. Şükürbəyli kəndində 33 ildən sonra yeni tədris ilinin başlanmasının əlamətdar hadisə olduğu vurğulanıb.
Bildirilib ki, müasir standartlara uyğun inşa edilən məktəbdə şagirdlərin keyfiyyətli təhsil alması üçün bütün zəruri şərait yaradılıb. Təhsil ocağının müasir infrastrukturu, tədris imkanları və yaradılan şərait kəndə qayıdan ailələrin övladlarının doğma yurdda təhsil almasına imkan verir.
Daha sonra məktəblilərin ifasında musiqi və rəqs nümunələri təqdim olunub, şeirlər səsləndirilib.
Sonda 33 ildən sonra Şükürbəyli kəndində ilk tədris gününün zəngi çalınıb. Şagirdlər böyük sevinc və həyəcan hissi ilə sinif otaqlarına daxil olublar.
Müxbir-Aydın Yavərzadə