Akademik İsa Həbibbəylinin monoqrafiyası Britaniya Kitabxanasına təqdim edilib
Bakı, 15 sentyabr, AZƏRTAC
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin 2021-ci ildə 10 dildə çap olunmuş “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabının nüsxəsi Londonda yerləşən Britaniya Kitabxanasının kolleksiyasına təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə London Kral İncəsənət Cəmiyyətinin üzvü Neil Uatson tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasına göndərilən məktubda bildirilib.
Məktubda qeyd olunur ki, akademik İsa Həbibbəylinin Nizami Gəncəvinin həyatına, fəlsəfi və ədəbi irsinə həsr olunmuş əsərinin Britaniya Kitabxanasının fonduna daxil edilməsi Azərbaycan klassik irsinin beynəlxalq elmi ictimaiyyətə təqdim olunması baxımından əhəmiyyət daşıyır. Kitab Avropa və beynəlxalq akademik ictimaiyyətə Nizami irsinin ətraflı və elmi əsaslarla hazırlanmış tədqiqatına çıxış imkanı yaradır.
Neil Uatson məktubunda akademik İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatı tarixi, folklor, Şərq və Qərb maarifçiliyi, eləcə də Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı araşdırmalarını yüksək qiymətləndirib. O, kitabın Britaniya Kitabxanasına təqdim edilməsini Azərbaycanla Böyük Britaniya arasında beynəlxalq elmi əlaqələrin inkişafında mühüm addım kimi dəyərləndirib.
Qeyd edək ki, “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı 2021-ci ildə “Elm və təhsil” nəşriyyatında çap olunub. Nəşrdə Azərbaycan, türk, rus və ingilis dillərində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş monoqrafik tədqiqat, Çin, polyak, bolqar, alman, ukrayna və gürcü dillərində isə məqalələr yer alıb.