Hindistan nümayəndəsi: İslamın etik prinsiplərinə əsaslanan süni intellekt çərçivəsi yaradılmalıdır
Bakı, 15 sentyabr, AZƏRTAC
Bu gün dünyada hər kəs süni intellekt haqqında danışır. Biznes məqsədləri üçün süni intellektdən istifadə etmək üçün milyardlarla dollar sərmayə qoyulur. Lakin digər tərəfdən sual yaranır: süni intellekt və ya süni superintellekt bəşəriyyət üçün hər hansı problem yaradırmı? Bu məsələ ilə bağlı çox az müzakirə aparılır. Əgər hər şeyi alqoritmlər idarə etməyə başlayarsa, insanın əhəmiyyəti aradan qalacaq və insan ləyaqətinə lazımi diqqət göstərilməyəcək. Bu baxımdan, konfransda Bakuvi fəlsəfəsi çox əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bunu Hindistanın “Markaz Knowledge City” şirkətinin Biznesin İnkişafı üzrə direktoru Abdul Rauf Edaşeri Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində keçirilən “İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda Birinci Beynəlxalq Konfransın ikinci günündə çıxışı zamanı deyib.
O bildirib ki, konfransın nəticəsi İslamın etik prinsiplərinə əsaslanan süni intellekt çərçivəsinin yaradılması olmalıdır. Bu çərçivə müsəlman cəmiyyətinin və bütövlükdə bəşəriyyətin süni intellekt dövründə qarşılaşdığı məsələlərin həllinə necə yanaşa biləcəyini müəyyənləşdirməlidir.
“Süni intellektə dair bu çərçivə Quran prinsiplərinə əsaslanmalıdır. İnformasiyadan üstün mühakimə, sürətdən üstün hikmət, istismardan üstün mərhəmət dayanmalıdır. İnsan amilinə və insan ləyaqətinə diqqət yetirən bu kimi konfranslar, şübhəsiz ki, süni intellekt dövründə böyük təsir yaradacaq”, - deyə o vurğulayıb.
Abdul Rauf Edaşeri qeyd edib ki, süni intellektin insan dünyasına yaratdığı təsirlər haqqında düşünməyin tam vaxtıdır. Onun sözlərinə görə, qarşıdakı beş-on il ərzində ortaya çıxa biləcək süni superintellekt və ya süni ümumi intellekt bəşəriyyət üçün böyük çağırış olacaq.