Rumıniyanın ali müftisi: Seyid Yəhya Bakuvinin fikirlərini gənc nəsillərə çatdırmaq bizim vəzifəmizdir VİDEO
Bakı, 15 sentyabr, AZƏRTAC
Seyid Yəhya Bakuvi kimi böyük alimləri yenidən xatırlatmaq bizim – din alimlərinin vəzifəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktik konfransın iştirakçısı, Rumıniyanın müsəlman icmasının müftisi Murat Yusuf deyib.
O bildirib ki, Seyid Yəhya Bakuvinin fikirlərinin gənc nəsillərə çatdırılmasına ehtiyac var: “Biz gənclərə Seyid Yəhya Bakuvi kimi alimlərimizin necə düşündüklərini, öz dövrlərində İslamın orta yolunu necə izah etdiklərini çatdırmalıyıq”.
Murat Yusuf qeyd edib ki, müasir dövrdə gənc nəsil dini bilikləri müxtəlif mənbələrdən əldə edir. Onun sözlərinə görə, bu, dövrün gətirdiyi imkanlarla yanaşı, müəyyən təxribat və yanlış yönləndirmə riskləri də yarada bilər.
“Bizim gənc nəsillərimiz hazırda dini bilikləri fərqli mənbələrdən alırlar. Bunun yaxşı tərəfləri də var, provokasiya tərəfləri də. Buna görə də dini bilikləri dini qurumlardan almaları vacibdir. Bizim də təmənnamız budur”, - deyə Rumıniyanın müsəlman icmasının müftisi vurğulayıb.
Murat Yusuf Azərbaycana dəfələrlə gəldiyini və burada yaxın dostlarının, məktəb yoldaşlarının olduğunu bildirib.
“Azərbaycan bizim ikinci dövlətimizdir. Mən Azərbaycana dəfələrlə gəlmişəm. Burada yaxın dostlarım, məktəb yoldaşlarım var”, - deyə o qeyd edib.
Rumıniyada yaşayan müsəlmanlar adından Azərbaycan tərəfinə təşəkkürünü bildirən ali müfti Seyid Yəhya Bakuvi və tarixdə iz qoymuş digər alimlərin irsinin yaşadılmasının vacibliyini vurğulayıb.
“Bizim vəzifəmiz Seyidlərimizin, alimlərimizin, tarixdə qalmış alimlərimizin görüşlərini, fikirlərini gələcək nəsillərə çatdırmaq və onları yaşatmaqdır”, - deyə Murat Yusuf bildirib.