“Gənclərin səsi – gənclərə dəstək”: layihə uğurla davam edir
Bakı, 14 sentyabr, AZƏRTAC
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində gənc ifaçıların konsertləri davam edir. Gənc istedadlara dəstək məqsədi daşıyan “Gənclərin səsi – gənclərə dəstək” layihəsi festivalın əsas özəlliklərindən birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində gənc vokalçılar Anar Qədimli, Röya Əliyeva, Aysu Əliyeva, Rauf Məmmədzadə, Ləman Mustafazadə, Əli Əliyev və Zöhrə Abdullayeva çıxış ediblər.
AZƏRTAC-ın müxbiri ilə söhbətində festivalın təşkilatçılarından biri, gitaraçı və müəllim Cavid Ələkbərli gənc iştirakçıların necə seçildiyi barədə danışıb.
“İştirak etmək istəyənlər üçün dinləmələr təşkil edirik – əvvəlcə onların göndərdikləri videoyazılara baxırıq, sonra isə onları yanımıza dəvət edib ifalarını canlı dinləyirik.
Vokalçıların repertuarı ilə tanış olur və çıxışlar üçün həmin repertuardan əsərlər seçirik. Əgər ifaçının repertuarı buna imkan verirsə, onun üçün solo konsert təşkil edirik. Yalnız 2-3 əsər ifa edə bilən iştirakçıları isə ümumi konsertlərdə birləşdiririk”, – deyə o bildirib.
Opera Festivalının müəllifi və təşkilatçısı, Xalq artisti Fidan Hacıyeva bu layihənin Azərbaycanın regionları üçün əhəmiyyətini vurğulayıb.

“Biz ölkəmizin regionlarına da müraciət etmişik. Orada da özlərini mütləq təqdim etmək imkanı olan çoxlu istedadlı ifaçılar var. Bundan əlavə, regionlarda yerli sakinlər üçün də konsertlərimiz olacaq. Onların da opera musiqisini canlı dinləmələri çox faydalıdır.
Bu layihə çərçivəsində peşəkar musiqiçilər və bəstəkarlarla görüşlər, ustad dərsləri də planlaşdırılır. Məhz buna görə də festivalı bu qədər uzun müddət keçiririk ki, bütün bu mühüm məqamları əhatə edə bilək”, – deyə o əlavə edib.
Qeyd edək ki, Opera Festivalı üç ay davam edəcək: sentyabrın 7-dən dekabrın 7-dək. Festival Xalq artisti, maestro Yalçın Adıgözəlovun rəhbərliyi, Xalq artisti Fidan Hacıyevanın iştirakı və Niyazinin adını daşıyan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə keçiriləcək. Festival ölkənin müxtəlif regionlarını əhatə edəcək. Onun çərçivəsində təqdim olunan konsert proqramları Azərbaycan hüdudlarından kənarda da nümayiş etdiriləcək.
Xatırladaq ki, Xalq artisti, maestro Yalçın Adıgözəlovun rəhbərliyi, Xalq artisti Fidan Hacıyevanın iştirakı və Niyazi adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə keçirilən Opera Festivalı sentyabrın 7-dən başlayıb və dekabrın 7-dək davam edəcək. Festival ölkənin müxtəlif regionlarını əhatə edir. Tədbir çərçivəsində təqdim olunacaq konsert proqramları Azərbaycanın hüdudlarından kənarda da nümayiş etdiriləcək.
Müəllif – Anara Axundova