Yeni tədris ilində şimal-qərb bölgəsində 82 min 528 şagird təhsil alacaq
Şəki, 14 sentyabr, AZƏRTAC
2026–2027-ci il tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində, ümumilikdə, 82 min 582 şagird təhsil alacaq.
Regional Təhsil İdarəsinin nümayəndəsi Mahal Məmmədovun AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, yeni tədris ilində bölgə üzrə I sinifdə 5954, IX sinifdə 8069, XI sinifdə isə 6 min 415 şagirdin təhsil alması gözlənilir.
Eyni zamanda, şimal-qərb bölgəsində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 7 min 302 uşaq, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 3992-yə yaxın beşyaşlı uşaq cəlb olunacaq.
2026-2027-ci tədris ilində idarənin tabeliyindəki ümumi təhsil müəssisələrində 10 min 794 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 891 tərbiyəçi-müəllim çalışacaq.
Qeyd edək ki, hazırda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində 353 ümumi təhsil, 204 məktəbəqədər və 12 məktəbdənkənar təhsil müəssisəsi olmaqla, ümumilikdə, 569 təhsil müəssisəsi fəaliyyət göstərir.
Müxbir - Rasim İslamoğlu