Tahir Tağızadə etimadnaməsini Serbiya Prezidentinə təqdim edib
Bakı, 14 sentyabr, AZƏRTAC
Sentyabrın 14-də Azərbaycanın Serbiyadakı səfiri Tahir Tağızadə etimadnaməsini Serbiya Prezidenti Aleksandar Vuçiçə təqdim edib.
Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadənin etimadnaməsini qəbul etməsi ilə əlaqədar sosial şəbəkələrdə paylaşım edib.
Serbiya Prezidenti səfirin mandatı dövründə də iki ölkə arasındakı strateji və ənənəvi dostluq münasibətlərinin dinamik inkişafının davam edəcəyinə inamını bildirib. A.Vuçiç qeyd edib ki, tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi etimadın əsas təməllərindən birini təşkil edir.
Dövlət başçısı vurğulayıb ki, intensiv siyasi dialoq və bütün səviyyələrdə rəsmilərin mütəmadi görüşləri Serbiya ilə Azərbaycan arasındakı yaxın əlaqələrin bariz göstəricisidir. O, Azərbaycan Prezidenti İlham Əliyevin Belqrada son səfəri və səfər çərçivəsində Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsinin ikitərəfli münasibətlərdə yeni səhifə açdığını diqqətə çatdırıb.