Qəlb, ruh, nəfs, mərifət, gözəllik və əxlaq məsələləri Bakuvinin irsində mühüm yer tutur
Bakı, 14 sentyabr, AZƏRTAC
İslam düşüncəsinin görkəmli simalarından biri olan Şeyx Seyyid Yəhya Bakuvi əsrlər boyu təsiri davam edən elmi və mənəvi irs qoyub. Bu irs dini dəyərlərin insanın formalaşmasına, nəfsin tərbiyəsinə və insanlar arasında mərhəmət, tolerantlıq və qarşılıqlı tanıma məfhumlarının möhkəmlənməsinə qadir olduğunu göstərir.
AZƏRTAC xəbər verir ki, bunu Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində “Gülüstan” sarayında keçirilən “İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda I Beynəlxalq konfransın plenar iclasında çıxışı zamanı deyib.
Baş katibin sözlərinə görə, alim və mütəfəkkirlərimizi yad etmək yalnız keçmişin salnaməsini xatırlamaq olmamalıdır. Bu, həm də həmin irsi bu gün dünyamızın qarşılaşdığı çağırışlar kontekstində yenidən oxumaq üçün bir fürsətdir. İrsin əsl dəyəri onun bu günə müraciət etmək və keçmişin hikmətindən bəşəriyyət üçün gələcəyin yollarını işıqlandıran nəticələr çıxarmaq qabiliyyətindədir.
"İslam alimləri əsrlər boyu dərk ediblər ki, dinin missiyası insanın qurulmasından - onun ağlının elm və biliklə, ruhunun dəyərlər və əxlaqla, başqaları ilə münasibətlərinin isə tanıma və hörmət prinsipləri əsasında formalaşmasından başlayır.
Bu fikir və mənəvi üfüqdən Şeyx Yəhya Bakuvinin təcrübəsini oxumaq mümkündür. Onun irsinə diqqətlə nəzər salan şəxs insanın tərbiyəsi və onun daxili aləminin qurulması ilə bağlı dərin bir baxış görür. Bu proses elm və biliklə başlayır, insanın özünü tanıması, özünü tərbiyə etməsi və qəlbin təmizlənməsi ilə davam edir, nəticədə insan özünə və başqalarına qarşı mənəvi məsuliyyətini daha dərindən dərk edir.
Qəlb, ruh, nəfs, mərifət, gözəllik və əxlaq məsələləri Bakuvinin irsində mühüm yer tutur. Mərifət onun üçün yalnız zehni bilik əldə etmək deyildi, insanın davranışında və əməlində iz buraxmalı olan bir yol idi.
Əsərləri onun insanın daxili aləminə olan bu dərin marağını ortaya qoyur", - deyə Məhəmməd Əbdülsalam əlavə edib.