Sertifikatlaşdırmanın ikinci mərhələsində yeni qiymətləndirmə çərçivələri tətbiq olunacaq
Bakı, 14 sentyabr, AZƏRTAC
Yaxın həftə və aylarda ikinci dəfə sertifikatlaşdırmaya cəlb olunacaq müəllimlər üçün yeni qiymətləndirmə çərçivələri təqdim ediləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında deyib. Nazir bildirib ki, yeni çərçivələr əvvəlkindən əsaslı şəkildə fərqlənməyəcək, lakin əldə olunan təcrübəyə uyğun olaraq müəyyən dəyişikliklər aparılacaq: “Çünki öyrəndiyimiz dərslər var. Anlayırıq ki, bizim harada boşluqlarımız var. Harada boşluğumuz varsa, ora daha çox diqqət yetirəcəyik. Bizim üçün çox vacibdir ki, ibtidai sinifdə tədris edən müəllimlərimizin özlərinin oxuyub-anlama bacarıqları yüksək olsun. Çünki əks halda uşaqlara onu öyrədə bilmirlər”.
Nazir qeyd edib ki, ikinci mərhələdə sualların sadəcə çətinləşdirilməsi nəzərdə tutulmur, əsas məqsəd fokusun zəruri istiqamətlərə yönəldilməsidir.
Sertifikatlaşdırmanın ilk beşillik mərhələsinin nəticələrini müsbət qiymətləndirən nazir qeyd edib ki, nəticələr zaman keçdikcə daha aydın görünəcək: “Əgər biz təhsilin daha yaxşı, keyfiyyətli olmasını istəyiriksə, müəllimlərimizdən də daha yüksək keyfiyyət standartları gözləməliyik”.
Nazir, həmçinin əlavə edib ki, sertifikatlaşdırmanın ikinci mərhələsində müəllimlərin qiymətləndirilməsi ilə yanaşı, əməkhaqqı yanaşmaları və mexanizmləri ilə bağlı da müəyyən müzakirələr aparılır.