Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
Berlin, 14 sentyabr, AZƏRTAC
Almaniyanın Ştutqart şəhərində fəaliyyət göstərən Azərbaycan Evində ağır epilepsiya xəstəliyindən əziyyət çəkən 11 yaşlı Bennet Klausun müalicəsinə dəstək məqsədilə xeyriyyə konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Evinin rəhbəri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, bəstəkar Günay Mirzəyevanın təşəbbüsü ilə təşkil edilən tədbirdə müxtəlif millətlərin nümayəndələri, eləcə də Almaniyanın bir neçə şəhərindən gələn azərbaycanlı ailələr iştirak ediblər.
Konsertdə pianoçu Xəyalə Əlizadə və kamança ifaçısı Şahin Qasımlı Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər. Qonaqlara Azərbaycan mətbəxinin ləziz nümayəndələri təqdim olunub.
Günay Mirzəyeva Ştutqartdakı Azərbaycan Evinin fəaliyyəti, Diasporla İş üzrə Dövlət Komitəsinin diaspor təşkilatlarına göstərdiyi dəstək və bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verib. O, müxtəlif xalqlar və ölkələr arasında tolerantlığın, qarşılıqlı hörmətin, həmrəyliyin və humanizmin təbliğinin əhəmiyyətini qeyd edərək, bu baxımdan belə tədbirlərin rolunu xüsusi vurğulayıb.
Bennetin anası Karmen Klaus oğlunun müalicəsinə dəstək məqsədilə xeyriyyə tədbirinin təşkil olunmasına görə Ştutqart Azərbaycan Evinə təşəkkürünü bildirib.
Müxtəlif xalqların nümayəndələrini bir araya gətirən bu tədbir yerli mediada da geniş işıqlandırılıb. “Stuttgarter Zeitung” və digər media orqanları xeyriyyə konserti barədə xəbərlər yayımlayıblar.