Sosial təminat xidmətlərinin transformasiyasına dair beynəlxalq vebinar olub
Bakı, 14 sentyabr, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondunun (DSMF), Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA), Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının (BPSFA) və “socialprotection.org” beynəlxalq platformasının birgə təşkilatçılığı ilə “Sosial təminat xidmətlərinin transformasiyası: Sosial ödənişlərin təyin edilməsində innovativ yanaşmalar” mövzusunda beynəlxalq vebinar keçirilib.
Bu barədə AZƏRTAC-a DSMF-dən məlumat verilib.
Bildirilib ki, vebinarda BPSFA-nın sədri qismində fondun İdarə Heyətinin sədri Zəka Mirzəyev və BSTA-nın baş katibi Marselo Abi-Ramia Kaetano tədbirin əhəmiyyətini vurğulayıblar.
Müzakirələrdə sosial təminat sistemlərində rəqəmsal transformasiyanın genişləndirilməsi, süni zəkaəsaslı və avtomatlaşdırılmış həllərin xidmət proseslərinə inteqrasiyası, inteqrasiya olunmuş məlumat ekosistemləri, proaktiv sosial müdafiə idarəçiliyi və vətəndaşyönlü xidmətlərin inkişafı kimi məsələlərə toxunulub, bu sahədə təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Tədbirdə fondun, eləcə də İtaliya, Türkiyə və Serbiyanın sosial təminat qurumlarının əməkdaşları təqdimatla çıxış ediblər. Bu ölkələrdə pensiya-sığorta sistemi, sosial təminat xidmətlərinin rəqəmsal transformasiyası, sosial ödənişlərin təyin edilməsi və təqdim olunmasında innovativ yanaşmalar, proaktiv xidmətlərin tətbiqi, qurumlararası məlumat mübadiləsi, habelə bu sahədə əldə olunmuş nəticələr barədə məlumat verilib.
Beynəlxalq tədbirdə Avropa, Amerika, Asiya və Afrika qitələrindən müxtəlif ölkələrin sosial təminat qurumları və beynəlxalq və regional təşkilatların nümayəndələri iştirak ediblər.