Mahmut Erol Kılıç: Seyid Yəhya Bakuvi kimi şəxsiyyətlər bəşəriyyəti dostluğa və həmrəyliyə dəvət ediblər
Bakı, 14 sentyabr, AZƏRTAC
İslam tarixində təsəvvüf müsəlman cəmiyyətlərinin dünyagörüşünün və sosial quruluşunun formalaşmasında ən mühüm amillərdən biri olub. Təsəvvüf alimləri və ariflər Türk dünyasının çoxdinli, çoxetnikli coğrafiyalarında cəmiyyətlərin əhatəedici düşüncə tərzini formalaşdıran əxlaqi prinsiplərin və insani dəyərlərin yerləşməsində mühüm rol oynayıblar.
AZƏRTAC xəbər verir ki, bunu İRSİKA-nın Baş direktoru Mahmut Erol Kılıç Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində “Gülüstan” sarayında keçirilən “İslam dünyasının mədəni irsində Seyid Yəhya Bakuvi zirvəsi: mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda I Beynəlxalq konfransın plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Fərabi, İbn Sina, Hacı Əhməd Yəsəvi, Bəhaəddin Nəqşibənd, Mövlana Cəlaləddin Bəlxi Rumi, Yunus Əmrə, Əziz Mahmud Hüdayi, Əlişir Nəvai, Niyazi Misri kimi böyük şəxsiyyətlər inancı və dünyagörüşü nə olmasından asılı olmayaraq bütün bəşəriyyəti dostluğa və həmrəyliyə dəvət ediblər. Həmin alimlər Səlcuqlu və Osmanlı dövrlərindən etibarən Anadoludakı təsəvvüf anlayışına da dərindən təsir göstəriblər. Sərhədləri aşan təlimləri Türk və İslam dünyasının müxtəlif bölgələrini bir-birinə bağlayan ortaq mədəniyyətin əsasını təşkil edib. XII əsrdə Nizami Gəncəvi, XIV əsrdə Seyid Nəsimi, XV əsrdə Nemətullah Naxçıvani, XVI əsrdə Füzuli və adına bu konfransın təşkil olunduğu Seyid Yəhya Bakuvi Şirvani kimi böyük şair və alimlərlə Azərbaycan bu prosesdə mühüm rol oynayıb.
M.E.Kılıç deyib: “Həqiqi mənada insan olmaq, mənəvi yetkinlik, insanın qəlbini eqoizmdən və maddi istəklərdən təmizləməsi, bu şəkildə haqqı tapmaq cəhdi həzrətin əsas məqsədidir. Dünya dəyişir, amma böyük alimlərin düşüncələri keçərlidir, həqiqətdir. Müasir yanaşmaların işığında izah edilərək günümüzün reallıqlarına hələ də işıq tuta bilərlər”.