Üç nəslin yurd hekayəsi: Nənə Rəbiyyə, gəlin Vəsilə və tələbə Rəbiyənin Böyük Qayıdışı VİDEO
Kəlbəcər, 14 sentyabr, AZƏRTAC
Kəlbəcərdən məcburi köçkün düşəndə Vəsilə xanımın cəmi 5 yaşı vardı. Uşaqlığı və gəncliyi Gəncədə keçdi, amma Kəlbəcər yaddaşından heç vaxt silinmədi. İllər sonra Vəsilə xanım Kəlbəcərə bu dəfə iki övlad anası kimi qayıtdı. İndi özü doğma şəhərində fəaliyyətə başlayan məktəbdə işləyir, qızı Rəbiyə isə elə Kəlbəcərdən ali məktəbə qəbul olunub.
AZƏRTAC-ın bölgə müxbirinin doğma yurdlarına qayıdan həmin ailənin mənzilindən hazırladığı reportajı təqdim edirik.
Kəlbəcərdə yeni gün başlayıb. Şəhərin mərkəzində yeni salınan küçələrlə addımlayırıq. Bir tərəfdə tikinti işlərinin səsi, digər tərəfdə isə gündəlik həyatın tədricən canlanan ritmi eşidilir. Yeni binaların pəncərələrində həyat izləri görünür. Bu mənzillərin hər birində illərlə həsrətlə gözlənilən qayıdışın ayrıca bir hekayəsi var. Bu dəfə həmin hekayələrdən birinin ardınca gedirik.
Ünvanımız Kəlbəcərin mərkəzindəki yeni mənzillərdən biridir. Bu evin sakini – Vəsilə xanımın qızı Rəbiyə Nadirova bu il Kəlbəcərdən tələbə adı qazanan gənclərimizdəndir. O, Bakı Slavyan Universitetinin Şərqi Avropa və Balkanşünaslıq fakültəsində ali təhsil alacaq.
Qapıdan içəri daxil olan kimi yeni mənzilin sakitliyi diqqət çəkir. Hər şey təzədir. Amma bu evdə danışılanlar illərin xatirələrini yada salır. Söhbət Kəlbəcərdən düşən kimi ailənin yaddaşında başqa bir mənzərə canlanır – doğma yurddan ayrılıq, Gəncədə keçən illər, uzun gözlənti və nəhayət, illər sonra Kəlbəcərə qayıdış.

Tələbə adını qazanan Rəbiyə Gəncədə doğulub. Valideynləri, nənə-babaları isə Kəlbəcərdə dünyaya gəlib. Onun Kəlbəcərlə bağlı ilk xatirələri də əslində öz yaddaşından yox, ailə söhbətlərindən başlayır.
Uşaqlıqdan evdə Kəlbəcərdən danışılıb. Onun dağları, təbiəti, insanları, keçmiş günlər xatırlanıb. Rəbiyə heç görmədiyi doğma şəhəri ailəsinin danışdığı xatirələrdən tanıyıb.
“Mən Gəncədə doğulmuşam. Ora mənə əziz olub. Amma evimizdə Kəlbəcər haqqında o qədər danışılıb ki, heç vaxt görmədiyim ata-baba yurdum mənə həmişə doğma gəlib. Kəlbəcərin gözəlliklərini ailəmdən eşidərək böyümüşəm. İnanmazdım ki, bir gün Kəlbəcərdən tələbə adı qazanacağam”, – deyir Rəbiyə.
Bu il Kəlbəcərdən ali məktəbə qəbul olan 5 məzundan biri – Rəbiyənin uğuru adi bir sevinc deyil, doğma yurddan vaxtilə didərgin düşmüş bir nəslin yeni Kəlbəcərdə davam edən həyat hekayəsinin davamıdır. Bu həyatın arxasında isə illər boyu davam edən dövlət qayğısı, sosial müdafiə və nəhayət, Böyük Qayıdışın bəxş etdiyi sevinc dayanır.
Həmin uğurun arxasında həm də ömrünü yurd həsrəti ilə keçirən ananın taleyi var. Rəbiyənin anası Vəsilə Nadirova 5 yaşında Kəlbəcərdən çıxanda bu qayıdış üçün 30 ildən çox gözləyəcəyini bilmirdi. Uşaqlığı və gəncliyi Gəncədə keçən Vəsilə xanım dövlətin dəstəyi ilə çətinliklərə sinə gərib, gələcəyə inamını itirməyib. İllər sonra o, doğma Kəlbəcərinə artıq iki övlad anası kimi qayıdıb.

“Cəmi 5 yaşım var idi Kəlbəcərdən çıxanda. Bu illər ərzində Gəncədə yaşadıq. Çətinliklərimiz də oldu. Amma heç vaxt ümidimizi itirmədik. İnanırdıq ki, bir gün Kəlbəcərə qayıdacağıq. Dövlətimiz də bizi bu illər ərzində tək buraxmadı, hər cür qayğı ilə əhatə etdi”, – deyə Vəsilə xanım bildirir.
Bu gün onun həyatı doğma Kəlbəcərdə davam edir. Qayıdışdan sonra 1 nömrəli Bəhmən Cavadov adına tam orta məktəbdə işlə təmin olunan Vəsilə Nadirova indi həm işlədiyi, həm də yaşadığı şəhərdə qızının uğurunu qeyd edir: “İndi bizim üçün ikiqat sevincdir. Həm doğma Vətənimizə qayıtmışıq, öz yurdumuza qovuşmuşuq, həm də qızım Kəlbəcərdən tələbə adı qazanıb. Arzu edirəm ki, qızım ali təhsil alsın, ölkəmizə, dövlətimizə layiqli övlad olsun”.
Öyrənirik ki, Rəbiyənin adı nənəsinin adı ilə oxşardır. Nənənin adı Rəbiyyə, nəvənin adı isə Rəbiyədir. Söhbətə nənə də qoşulur. Deyir ki, 1993-cü il martın 31-də doğma Kəlbəcərdən ayrılaraq Gəncənin Gülüstan qəsəbəsində məskunlaşıblar. Qarşıda onları illərlə davam edən həsrət, çətinlik və qayıdış ümidi gözləyirdi.
“Yaxşı ki, dövlətimiz bu illər ərzində bizi tək buraxmadı, hər cür qayğı ilə əhatə etdi. Prezidentimizin köməyi, qazilərimizin qanı, şəhidlərimizin canı bahasına illər sonra bura qayıtdıq”, – deyə Rəbiyyə xanım bildirir.
İndi isə onun üçün ən böyük sevinc nəvəsinin Kəlbəcərdən tələbə adını qazanmasıdır. Hələ körpəlikdən nəvəsinin yaddaşında Qarabağ sevgisinin yaşamasına çalışıb. Nəvəsi Rəbiyə hələ balaca olanda ona Tofiq Bayramın Qarabağa həsr olunmuş şeirini oxuyarmış. Balaca Rəbiyə o zaman misraların mənasını tam anlamasa da, nənəsinin səsi ilə “Qarabağı vermərəm” sözlərini eşidərək böyüyüb.

İllər keçib. Nənəsinin körpə Rəbiyəyə oxuduğu həmin misralar indi tamam başqa məna daşıyır. Rəbiyə artıq Qarabağı yalnız şeirdən və ailə söhbətlərindən tanımır. O, doğma Kəlbəcərdə yaşayır və elə bu şəhərdən ali məktəbə qəbul olunub.
Bu ailənin hekayəsində üç nəslin taleyi bir nöqtədə birləşir – doğma yurd. Rəbiyyə nənə illərlə Kəlbəcərə qayıdacağı günü gözləyib. Gəlini Vəsilə uşaqlığını və gəncliyini məcburi köçkünlükdə keçirib, nəhayət, doğma torpağa qayıdıb. Nəvə Rəbiyə isə Kəlbəcərdə yeni həyatın qurulduğu günlərdə məktəbi bitirib, tələbə adını qazanıb.
Pəncərədən Kəlbəcərə baxırıq. Yeni binalar, müasir küçələr, tikinti işləri, uşaqların səsi... Bir vaxtlar yalnız xatirələrdə yaşayan şəhərdə indi yeni həyat qurulur.
Bu şəhərin yeni sakinləri üçün qayıdış sadəcə bir evə köçmək deyil. Bu, yarımçıq qalan həyatların yenidən davam etməsidir.
Rəbiyə isə bu həyatın yeni nəslini təmsil edir. O, sabah doğma Kəlbəcərdən universitetə yola düşəcək. Bir vaxtlar bu şəhərdən ayrılan nənəsi və anasının yaşadığı yurd həsrətindən fərqli olaraq, onun qarşısında artıq başqa bir yol var: təhsil, gələcək və Kəlbəcərlə bağlı yeni arzular…


Müxbir- Rəşad Türkoğlu