Azad olunmuş ərazilərdə aqroparklara, iri fermer təsərrüfatlarına, yeni intensiv meyvə bağlarına baxış keçirilib
Cəbrayıl, 14 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan işlərin monitorinqi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident Administrasiyasının və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin məsul əməkdaşları işğaldan azad olunmuş Cəbrayıl, Qubadlı və Zəngilan rayonları ərazisində fəaliyyət göstərən aqroparklara, iri fermer təsərrüfatlarına, quşçuluq təsərrüfatlarına və yeni intensiv meyvə bağlarına baxış keçiriblər.
Baxışın keçirilməsində əsas məqsəd dövlət proqramlarının icrası, rayonların aqrar potensialının artırılması, intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi və istehsal göstəricilərinin yerində qiymətləndirilməsi, yarana biləcək problemlərin aradan qaldırılması, habelə Dövlət Proqramı çərçivəsində həyata keçirilən digər tədbirlərə dair məlumatların sahibkarların diqqətə çatdırılması olub.