Sülhə sərmayə: Azərbaycanda yeni sülh mədəniyyətinin formalaşdırılması – ŞƏRH
Bakı, 14 sentyabr, AZƏRTAC
Sülhün qorunması yalnız müharibələrin qarşısının alınması və siyasi razılaşmaların əldə olunması ilə məhdudlaşmır. Sülhü əldə etmək üçün göstərilən səylər sabitlik, rifah gətirirsə, ondan sonrakı dövr də xüsusi əhəmiyyət kəsb edir. Bu, sülhün mühafizəsi anlayışı ilə xarakterizə oluna və onun davamlılığının təminini göstərən period kimi başa düşülə bilər.
“Sülh Aylığı”nın mahiyyəti
Davamlı sülh təhlükəsizliyin sığortasını təmin edir. Çünki sülh insan hüquqları, insan şərəf və ləyaqətinin qorunması üçün qarantiya rolunu oynayır. Belə bir mənzərə ədalət, qarşılıqlı etimad və cəmiyyətdə dinc birgəyaşayış mədəniyyətinin formalaşması ilə möhkəmlənir.
Bu baxımdan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə avqustun 21-dən sentyabrın 21-dək “Sülh Aylığı” elan edilməsi diqqət çəkir. Həmin yanaşma Beynəlxalq Sülh Gününə həsr olunmuş tədbirlər toplusunun əhatəsi ilə məhdudlaşmır. “Sülh Aylığı” sülh dəyərlərinin ictimai həyatın müxtəlif sahələrinə inteqrasiyasına yönəlmiş ardıcıl təşəbbüslərin bir hissəsidir.
Təşəbbüsün məzmunu BMT-nin 2026-cı il Beynəlxalq Sülh Günü üçün müəyyən etdiyi “Sülhə sərmayə qoyaq – hər kəs üçün, hər yerdə, hər gün” mövzusu ilə də tam uzlaşır. BMT-nin yanaşmasında sülh təsadüfən yaranan vəziyyət deyil, siyasi iradə, davamlı fəaliyyət və kollektiv məsuliyyət tələb edən proses kimi təqdim olunur.
Bu yanaşma “sülhə sərmayə” anlayışını diplomatiya çərçivələrindən kənara çıxararaq, insan hüquqları, maarifləndirmə, sosial həmrəylik və münaqişə fəsadlarının aradan qaldırılması ilə əlaqələndirir.
Vaşinqton razılaşmalarının rolu
Azərbaycan üçün “Sülh Aylığı” yanaşması xüsusilə aktualdır. Ona görə ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2025-ci il avqustun 8-də Vaşinqtonda mühüm razılaşmalar əldə etməsi ilə sülhyaratma prosesində müsbətə doğru tam fərqli istiqamət yarandı. Xatırlatmaq lazımdır ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda:
- “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsi paraflandı,
- Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş nazirinin Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannamə imzalandı.
İmzalanan sənədlər regional sülh gündəliyində mühüm dövrün başlanmasına pozitiv məzmun gətirdi. Belə bir mərhələdə sülhün siyasi müstəvidə əldə edilən nəticədən ictimai sferaya keçidinə diqqət yetirmək lazımdır. Yəni sülh siyasi müstəvidən cəmiyyətin gündəlik həyatında qəbul edilən və qorunan dəyərə çevrilərək xüsusi əhəmiyyət daşıyır. “Sülh Aylığı”nın əsas fərqi də məhz buradadır: sülhyaratmada göstərilən təşəbbüslərdə dövlətlərarası münasibətlər çərçivəsinin rolu qorunur. Ancaq insan və cəmiyyət səviyyəsindəki baxışlar prosesdə tamamlayıcı vasitə kimi çıxış edir.
Bu səbəbdən aylıq çərçivəsində Bakıda və regionlarda keçirilən maarifləndirici tədbirlər, görüşlər hüquqi müzakirələrlə yekunlaşmır. Tədbirlər aidiyyəti dövlət orqanlarına müvafiq fəaliyyətlər barədə məlumat verilməsi, yol xəritəsinin təqdim olunması təşəbbüslərində sistemli yanaşmanın təzahürü kimi ön planda dayanır.
Qeyd olunan təşəbbüslər sülhün hüquqi maarifləndirmə, ictimai dialoq və qarşılıqlı etimad vasitəsilə möhkəmləndirilməsi missiyasının bir hissəsidir.
Humanitar nəticələr və gələcək nəsillər üçün rifah mesajı
Davamlı sülhün mühüm şərtlərindən biri də münaqişələrin yaratdığı humanitar çağırışları həll etməkdən ibarətdir. Sülh prosesinin ayrılmaz tərkib hissəsi kimi bura
- Mina və partlamamış hərbi sursat təhlükəsinin aradan qaldırılması;
- İtkin şəxslərin taleyinə aydınlıq gətirilməsi;
- Münaqişədən zərər çəkmiş insanların hüquqlarının müdafiəsi;
- Doğma yurdlarına qayıdan insanların təhlükəsiz və ləyaqətli yaşayış şəraitinin təmin olunması daxildir.
Təsadüfi deyil ki, BMT-nin 2026-cı il mina fəaliyyətinə dair çağırışında da “sülhə sərmayə” anlayışı təhlükəsiz ərazilərin yaradılması və insanların qorxusuz yaşamasının təmin edilməsi ilə əlaqələndirilir.
“Sülh Aylığı”nın digər mühüm istiqaməti sülh mədəniyyətinin gələcək nəsillərə ötürülməsidir. Uşaqlar və gənclər arasında insan hüquqları, tolerantlıq, dialoq və dinc birgəyaşayışa dair maarifləndirmənin gücləndirilməsi uzunmüddətli sülh üçün qabaqlayıcı mexanizm rolunu oynayır. Ayrı-seçkilik, nifrət nitqi, ksenofobiya və zorakılığa qarşı ictimai immunitetin formalaşdırılması sülhün yalnız motivləri ilə yanaşı, sosial dayanıqlılığını da təmin edir.
Bu prosesdə medianın rolu da xüsusi əhəmiyyət daşıyır. Sülh gündəliyinin tədbir xəbərləri ilə məhdudlaşdırılmaması, onun hüquqi, humanitar, sosial və mədəni aspektlərinin analitik materiallarla izah edilməsi ictimai müzakirənin keyfiyyətini yüksəldə bilər. Belə yanaşma sülhü abstrakt siyasi anlayışdan çıxararaq insanların gündəlik həyatına, hüquqlarına və gələcək perspektivlərinə bağlı konkret məsələ kimi təqdim edir.
Nəticə etibarilə, “Sülh Aylığı”nın əhəmiyyəti onun daha geniş məna daşımasındadır. Sülhə sərmayə qoymaq siyasi dialoqu davam etdirməklə yanaşı, insan hüquqlarını qorumaq, humanitar təhlükələri aradan qaldırmaq, gənc nəsildə sülh düşüncəsini formalaşdırmaq, ictimai etimadı gücləndirmək və cəmiyyətin müxtəlif institutlarını bu prosesə cəlb etmək deməkdir.
Azərbaycan üçün hazırkı mərhələdə dayanıqlı sülhün ən mühüm təminatlarından biri də məhz bu siyasi iradənin güclü ictimai və humanitar dayaqlarla tamamlanmasıdır.
Beləliklə, “Sülh Aylığı”nın əsas mesajı sadə, lakin stratejidir: sülh müharibənin olmaması deyil, onu qoruyan dəyərlərin, hüquqların və ictimai münasibətlərin yenidən qurulmasıdır. Sülhə sərmayə də məhz burada başlayır.
Müəllif – Ceyhun Xəlilov