Milli Dram Teatrında premyera həyəcanı: “Dayının yuxusu”
Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 154-cü teatr mövsümündə tamaşaçılarını zəngin repertuarla qarşılayır. Sentyabrın 16–17-də teatrda yeni mövsümün ilk premyerası keçiriləcək. F.M.Dostoyevskinin “Dayının yuxusu” povesti əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru, səhnələşdirmə müəllifi və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, işıq rəssamı Rəfael Həsənov, rejissor assistenti Fəridə Zülfüqarlıdır. Səhnə əsərində Əməkdar artistlər Sənubər İsgəndərli, Ayşad Məmmədov, Elşən Rüstəmov, aktyorlar Lalə Süleymanova, Nərminə Məhərrəmova, Cavidan Novruzov, Vüsal Mustafayev, Nigar Güləhmədova, Rada Nəsibova və Güney Əkbərova çıxış edirlər.
Bu barədə AZƏRTAC-a teatrın mətbuat katibi Aygün Süleymanova məlumat verib.
O qeyd edib ki, mövsümün ilk tamaşası Xalq yazıçısı İlyas Əfəndiyevin əsəri əsasında Mərahim Fərzəlibəyovun quruluşunda təqdim edilən “Qarabağnamə” səhnə əsəri olub.
“Hazırda teatrın böyük səhnəsi üçün Onore de Balzakın “Atılmış qadın” əsəri əsasında eyniadlı tamaşa hazırlanır. Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, tərcüməçisi və səhnələşdirəni Kənan Hacı, səhnə tərtibatçısı Samirə Həsənova, geyim rəssamı Aygün Mahmudova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır. Tamaşada Xalq artistləri Məleykə Əsədova, Əli Nurzadə, Əməkdar artistlər Elşən Cəbrayılov, Mətanət Atakişiyeva, aktyorlar Şəhla İsmayılova, Güney Əkbərova, Nicat İsgəndərov, Fərid Qarayev, eləcə də tələbələr Nihad Aslan, Samirə Xanlarova və Əli Nurzadə rol alıblar”, — deyə mətbuat katibi bildirib.

Aygün Süleymanova Karel Çapekin “Ana” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinin davam etdiyini də deyib: “Tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərov, səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssamı Andrey Ukleyn, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır. Tamaşada Xalq artisti Mehriban Zəki, Əməkdar artistlər Kazım Həsənquliyev, Şəlalə Şahvələdqızı, aktyorlar Murad İsmayıl, Elsevər Rəhimov, Tural İbrahimov, Elçin Nurəliyev, Kənan Hüseynov və Nihad Aslan iştirak edirlər. Abbas Mirzə Şərifzadə adına səhnə üçün isə “Payız sonatası”, “Kişi və qadın”, “İvan İliçin ölümü” tamaşalarının məşqləri aparılır”.