Tədrisi digər dillərdə aparılan siniflərdə Azərbaycan dili fənninin saatları artırılır
Bakı, 14 sentyabr, AZƏRTAC
Tədrisi digər dillərdə aparılan siniflərdə “Azərbaycan dili – dövlət dili kimi” fənninin həftəlik dərs saatlarının sayı artırılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 14-də mətbuat konfransında çıxışı zamanı deyib. Nazir bildirib ki, 2026–2027-ci tədris ilindən etibarən I–IX siniflərdə “Azərbaycan dili – dövlət dili kimi” fənni üzrə həftəlik dərs saatlarının sayı 3-dən 4-ə, X–XI siniflərdə isə 2-dən 3-ə çatdırılacaq.
Qeyd edilib ki, hazırda təqribən 150 min şagird tədrisin digər dillərdə aparıldığı siniflərdə təhsil alır. 2021-ci ildən I–IX siniflər üzrə bu fənnin həftəlik dərs saatlarının ümumi sayı 22-dən 31-ə çatdırılıb. Yeni tədris ilindən isə hər sinif üzrə daha 1 saat artırılmaqla ümumi həftəlik yük 42 saat olacaq.
Emin Əmrullayevin sözlərinə görə, görülən tədbirlərin əsas məqsədi şagirdlərin dinləyib-anlama, danışma, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, eləcə də təhsilin növbəti mərhələlərində və peşə fəaliyyətində dövlət dilindən səmərəli istifadə imkanlarının genişləndirilməsidir.
Nazir diqqətə çatdırıb ki, “Azərbaycan tarixi” fənni V–VI, yeni tədris ilindən VII sinifdə, “Zəfər tarixi” IX sinifdə, “Çağırışaqədərki hazırlıq” fənni isə X–XI siniflərdə Azərbaycan dilində tədris olunur.