Sudanın Darfur bölgəsində son 40 ilin ən quraq mövsümü yaşanır
Qahirə, 15 sentyabr, AZƏRTAC
Sudanın qərbində yerləşən Darfur bölgəsi son 40 ilin ən quraq mövsümü ilə üzləşib. Bu vəziyyət müharibənin davam etdiyi ölkədə əhalinin əsas dolanışıq mənbələri olan kənd təsərrüfatı və heyvandarlıq üçün ciddi təhlükə yaradır.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) icraçı direktoru Karl Skau jurnalistlərə açıqlamasında bildirib. O, Sudana səfərindən sonra verdiyi açıqlamada Darfurda 1984-cü ildən bəri belə quraqlığın müşahidə olunmadığını deyib.
Karl Skau hazırda yağış mövsümünün davam etdiyini diqqətə çatdıraraq, yağıntıların kəskin azalmasının kənd təsərrüfatına, məhsuldarlığa və heyvandarlığa uzunmüddətli ciddi zərər vura biləcəyindən narahatlığını ifadə edib.
Bununla yanaşı, Sudanda Nil çayında suyun səviyyəsinin azalması geniş ərazilərdə kənd təsərrüfatı sahələrinin susuz qalmasına səbəb olub. Ölkədə ordu ilə Çevik Dəstək Qüvvələri arasında üç ildən artıqdır davam edən müharibə fonunda milyonlarla insanın ərzaq təhlükəsizliyi risk qarşısındadır.
ABŞ-nin Kaliforniya Universitetinin İqlim Riskləri Mərkəzinin məlumatına görə, bu yay Mavi Nil hövzəsində yağıntıların səviyyəsi normanın təxminən yarısını təşkil edib. Buna səbəb kimi küləklərin və yağıntıların hərəkətinə təsir göstərən “El-Nino” iqlim hadisəsi göstərilir. Şimali Darfur əyaləti də eyni problemlə üzləşib.
WFP-nin rəhbəri Karl Skau Sudanda təxminən 200 min insanın aclıq səviyyəsinin təhlükəli həddə yaxınlaşdığını bildirib. İnteqrasiya edilmiş Ərzaq Təhlükəsizliyi Mərhələləndirmə Təsnifatı (IPC) də iyun ayında təxminən 200 min sudanlının ərzaq təhlükəsizliyinin “fəlakətli” səviyyəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında müharibə 2023-cü ilin aprelində başlayıb. Münaqişə nəticəsində on minlərlə insan həlak olub, milyonlarla insan öz yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb.