BDU-nun əməkdaşı İstanbul Texniki Universitetində tədqiqat aparıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi, Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının II kurs doktorantı Zeynəb Addayeva Türkiyənin İstanbul Texniki Universitetində elmi-tədqiqat və eksperimental işlər aparıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, elmi ezamiyyət çərçivəsində Zeynəb Addayeva FeGaInS₄ yarımkeçirici kristalının lazerlə maye mühitdə ablasiyası (Pulsed Laser Ablation in Liquid - PLAL) üzrə araşdırmalar aparıb. Tədqiqat işləri İstanbul Texniki Universitetində Berna Morovanın rəhbərliyi və elmi koordinasiyası ilə həyata keçirilib.
Tədqiqatın əsas məqsədi müxtəlif lazer parametrlərinin, eləcə də su və polimer məhlul mühitlərinin FeGaInS₄ əsaslı nanomaterialların alınmasına və xüsusiyyətlərinə təsirinin sistemli şəkildə öyrənilməsi üçün eksperimental baza yaratmaq olub.
Aparılan tədqiqatlar BDU ilə İstanbul Texniki Universiteti arasında elmi və akademik əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün mühüm zəmin yaradıb.