Dövlət Neft və Sənaye Universitetində 15 Sentyabr – Bilik Günü qeyd edilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Bilik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirin açılışında ADNSU-nun rektoru dosent Rüfət Əzizov universitetdə tələbələrin müasir təhsil alması və öz potensiallarını reallaşdırması üçün yaradılan şəraitdən, beynəlxalq əlaqələrinin genişlənməsindən və son illərdə əldə olunan reytinq nəticələrindən danışıb.
Sonra “SOCAR Polymer” MMC-nin baş direktoru Fuad Əhmədov çıxış edərək tələbəlik illərinin peşəkar inkişaf baxımından əhəmiyyətindən, müasir sənayenin ixtisaslı və bacarıqlı kadrlara ehtiyacından söz açıb.
Tədbir musiqi və rəqs proqramı ilə davam edib.
Daha sonra universitetə ən yüksək balla qəbul olunan tələbələr çıxış ediblər. Tədbirin davamında fakültələr üzrə ən yüksək nəticə göstərmiş 35 tələbə mükafatlandırılıb.
Sonda AZİİ Himni səsləndirilib.