Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır
Berlin, 12 oktyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Livanın sabitliyini, suverenliyini və dövlət institutlarını dəstəkləmək məqsədilə yeni missiyanın yaradılması barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, Aİ Şurasının qərarına əsasən, Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində fəaliyyət göstərəcək Aİ-nin Livana Dəstək Missiyasının ilkin mandatı üç il olacaq.
Missiyanın əsas məqsədi BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq ölkədə sülhə və təhlükəsizliyə töhfə vermək, Livan Silahlı Qüvvələrinin və daxili təhlükəsizlik qüvvələrinin imkanlarını gücləndirmək, həmçinin dəniz təhlükəsizliyinin idarə edilməsini dəstəkləməkdir.
Missiya hərbi və mülki komponentlərdən ibarət olacaq. Hərbi komponent sərhədlərə nəzarət, kəşfiyyat, müşahidə, qaçaqmalçılığa qarşı mübarizə və əməliyyat koordinasiyası sahələrində məsləhət və təlim dəstəyi göstərəcək. Mülki komponent isə kibercinayətkarlıqla mübarizə, ixtisaslaşmış təlimlər və liman təhlükəsizliyinin, o cümlədən Beyrut limanında təhlükəsizliyin gücləndirilməsinə yönələcək.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas yeni missiyanın Livanın ərazisinə nəzarət olunmasına, sərhəd və daxili təhlükəsizliyinin gücləndirilməsinə kömək edəcəyini bildirib: “Təhlükəsizlik sahəsində əlaqələrimizin əhəmiyyətli dərəcədə yenilənməsi olan bu yeni missiya ilə biz Livan xalqı üçün tam suverenliyin bərpası və uzunmüddətli sabitliyin təmin olunması istiqamətində ölkənin institutlarını dəstəkləməkdə davam edirik”, - deyə K.Kallas qeyd edib.