Rəssamlıq Akademiyasında I kurs tələbələri ilə görüş: qarşıdakı təhsil mərhələsinə hazırlıq
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Rəssamlıq Akademiyasında yeni qəbul olunan I kurs tələbələri ilə görüş təşkil olunub.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə ali təhsil müəssisəsinin rektoru, prorektorları və fakültə dekanları çıxış edərək tələbələri tədris prosesi, yaradıcılıq fəaliyyəti, beynəlxalq əməkdaşlıq və tələbə həyatı ilə bağlı məlumatlandırıb, onlara qarşıdakı təhsil mərhələsi ilə bağlı tövsiyələr veriblər.
Akademiyanın rektoru, Xalq rəssamı, professor Natiq Əliyev təhsil müəssisəsinin 2000-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını vurğulayıb. Rektor Akademiyanın ölkəmizdə ali rəssamlıq təhsilinin inkişafındakı rolundan danışıb. O bildirib ki, Azərbaycan Rəssamlıq Akademiyasında təhsil yalnız nəzəri biliklərin əldə olunması ilə məhdudlaşmır; burada hər bir tələbənin öz yaradıcılıq yolunu formalaşdırması əsas məqsədlərdən biridir. Rektor gəncləri qarşıdakı illərdə müəllimlərinin təcrübəsindən yararlanmağa, daim axtarışda olmağa və sənətə məsuliyyətlə yanaşmağa çağırıb.
Görüş zamanı I kurs tələbələrinin Akademiyanın təhsil və yaradıcılıq mühiti ilə daha yaxından tanış olmaları, mövcud imkanlardan səmərəli istifadə etmələri və qarşıdakı tələbəlik illərinə hazırlıqlı başlamaları üçün zəruri məlumatlar paylaşılıb.