Azərbaycanın Qarabağ siyasəti: sülh, quruculuq və iqtisadi inkişaf - ŞƏRH
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda formalaşmış yeni reallıqların yerində öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib. O bildirib ki, xarici diplomatların Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə səfər etməsi normal diplomatik fəaliyyət çərçivəsində qiymətləndirilməlidir. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və burada həyata keçirilən bütün fəaliyyət ölkənin suverenliyi və qanunvericiliyi əsasında reallaşdırılır. Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrin ölkənin müxtəlif bölgələrinə, o cümlədən Qarabağ və Şərqi Zəngəzura səfərlərinin mübahisələndirilməsi suverenliyə və daxili işlərə hörmət prinsipi baxımından qəbuledilməz yanaşmadır.
Deputat vurğulayıb ki, belə səfərlər diplomatlara işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə birbaşa tanış olmaq imkanı yaradır. Diplomatlar bölgədə yeni infrastruktur layihələrini, yaşayış məntəqələrinin bərpasını, sosial obyektlərin yaradılmasını və keçmiş məcburi köçkünlərin qayıdışı istiqamətində görülən işləri yerində müşahidə edə bilirlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasəti Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafının əsas istiqamətlərindən biridir.
O, diplomatik səfərlərlə bağlı reaksiyaların tarixi və mədəni irs məsələləri ilə də əlaqələndirildiyini bildirib. Qeyd edib ki, Qarabağdakı bir sıra tarixi və dini abidələrin mənşəyi və aidiyyəti ilə bağlı müxtəlif yanaşmalar səsləndirilir. Gəncəsər və Xudavəng kimi abidələr ətrafında müzakirələrə siyasi ritorikadan daha çox tarixi mənbələr, elmi araşdırmalar və beynəlxalq irsin qorunması prinsipləri əsasında yanaşmaq məqsədəuyğundur. Qafqaz Albaniyasının tarixi və mədəni irsi Azərbaycan tarixinin mühüm istiqamətlərindən biridir. Azərbaycanın Qarabağ və digər bölgələrində bu irslə əlaqələndirilən çoxsaylı tarixi abidələr mövcuddur.
Deputatın fikrincə, həmin abidələrin qorunması və tədqiqi tarixi faktların gələcək nəsillərə obyektiv şəkildə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri bu siyasətin praktiki ifadəsidir. Yeni yaşayış məntəqələrinin salınması, sosial infrastrukturun yaradılması, nəqliyyat və enerji imkanlarının genişləndirilməsi, iqtisadi layihələrin həyata keçirilməsi və keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına qayıtması uzunmüddətli dövlət strategiyasının əsas istiqamətlərindəndir.
“Azərbaycanın əsas məqsədi keçmiş münaqişənin nəticələrini uzatmaq deyil, azad edilmiş ərazilərdə təhlükəsiz və firavan yaşayışı təmin etmək, dayanıqlı inkişaf üçün şərait yaratmaqdır. Qarabağ və Şərqi Zəngəzurun müasir, təhlükəsiz və iqtisadi baxımdan fəal yaşayış məkanlarına çevrilməsi həm Azərbaycanın iqtisadi potensialının genişlənməsinə, həm də regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yarada bilər. Regionun gələcəyi keçmişin mübahisələrindən daha çox yeni reallıqların qəbulundan, qarşılıqlı hörmətdən, suverenliyə ehtiramdan, sülhdən və iqtisadi əməkdaşlıqdan asılıdır. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi quruculuq siyasəti də məhz bu istiqamətdə konkret və uzunmüddətli nəticələr yaratmağa hesablanıb”, – deyə T.Mirkişili əlavə edib.