Oğuzda aqrar sahənin inkişafına yönəlmiş layihələr yeni iş yerlərinin artmasına səbəb olacaq
Oğuz, 15 sentyabr, AZƏRTAC
Oğuz rayonunda kənd təsərrüfatının inkişafı, istehsal və emal imkanlarının genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və yeni iş yerlərinin yaradılması istiqamətində mühüm layihələr həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası, həmçinin rayon sahibkarlarının təşəbbüsləri ilə həyata keçirilən layihələrin vəziyyəti ilə tanışlıq məqsədilə Oğuz rayonunda bir sıra təsərrüfat və müəssisələrə baxış keçirilib.
Baxış zamanı Prezident Administrasiyasının məsul əməkdaşı və rayon rəhbərliyi tərəfindən qarğıdalı emalı və qlükoza istehsalı, heyvandarlıq, ət istehsalının artırılması, eləcə də balıqçılıq təsərrüfatının yaradılması istiqamətində həyata keçirilən layihələr üzrə görülən işlərlə tanışlıq olub.
“Akvaponika” MMC tərəfindən Mollalı kəndində yaradılmaqda olan forel balıqçılıq təsərrüfatı da rayonun aqrar sektorunda həyata keçirilən mühüm investisiya layihələrindəndir. Hazırda təsərrüfatın yaradılması istiqamətində işlər aparılır. Layihə çərçivəsində 1,3 hektar ərazidə müasir tələblərə uyğun təsərrüfatın qurulması, 25 yeni iş yerinin yaradılması və gələcəkdə illik 150 ton balıq istehsalına nail olunması nəzərdə tutulur.
Layihələr sırasında “Eden Agro” MMC tərəfindən qarğıdalı emalı və qlükoza istehsalının genişləndirilməsi layihəsi xüsusi əhəmiyyət daşıyır. Layihəyə əsasən, 2026–2030-cu illərdə müəssisədə istehsalın illik 30 min tondan 60 min tona çatdırılması, əlavə 25 nəfərin işlə təmin olunması nəzərdə tutulur.
Bayan kəndində fermer Vasif Umarova məxsus çiyələk sahəsinə baxış keçirilib. Məlumat verilib ki, təsərrüfatda çiyələk əkininə cari ilin fevral ayında başlanılıb. Pilot layihə çərçivəsində 1 hektar sahədən 35 tondan çox məhsul yığılıb. Çiyələk təsərrüfatının genişləndirilməsi və 10 hektar ərazidə damcı suvarma sistemi tətbiq etməklə məhsuldarlığı 350 tona çatdırmaq planlaşdırılıb . Mövcud istehsal sahəsinin əlavə 6–10 hektar genişləndirilməsi nəzərdə tutulur. Təsərrüfatın genişləndirilməsi nəticəsində gələcəkdə 120–150 nəfərin daimi və mövsümi işlə təmin edilməsi gözlənilir.
Rayonda həyata keçirilməsi nəzərdə tutulan digər mühüm layihə fermer Vaqif Əliyevin yarımintensiv xırdabuynuzlu heyvandarlıq təsərrüfatının genişləndirilməsi və qoyun əti istehsalının artırılması ilə bağlıdır. Təsərrüfatın genişləndirilməsi daxili bazarın qoyun ətinə olan tələbatının yerli istehsal hesabına ödənilməsinə, eləcə də heyvandarlıq sahəsinin inkişafına mühüm töhfə verəcək.
Baxış zamanı fermer və sahibkarlarla görüşlər keçirilib, onların fəaliyyəti, gələcək planları və qarşılaşdıqları məsələlər barədə məlumat alınıb. Sahibkarların təklif və müraciətləri dinlənilib.
Görüşlərdə dövlət tərəfindən aqrar sahənin inkişafı üçün yaradılan geniş imkanlardan, o cümlədən subsidiyalardan, güzəştli kreditlərdən və digər dəstək mexanizmlərindən səmərəli istifadənin vacibliyi vurğulanıb.
Qeyd edilib ki, Oğuz rayonunun aqrar potensialından daha səmərəli istifadə olunması, ət istehsalının artırılması, intensiv bağçılığın genişləndirilməsi, heyvandarlığın inkişafı, yeni istehsal və emal sahələrinin yaradılması istiqamətində tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.
Görüşdə zona müşavirəsində irəli sürülən təşəbbüslərin icra vəziyyəti, Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunub. Eyni zamanda aqrar sahədə istehsal və emal imkanlarının genişləndirilməsi, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, müasir texnologiyaların tətbiqi, yeni investisiya layihələrinin reallaşdırılması və rayonun aqrar potensialından daha səmərəli istifadə edilməsi istiqamətində işlərin ardıcıl şəkildə davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Müxbir - Rasim İslamoğlu