Gürcü nazir müavini: Orta Dəhliz artıq alternativ marşrutdan əsas nəqliyyat arteriyasına çevrilib
Tbilisi, 15 sentyabr, AZƏRTAC
Orta Dəhliz artıq alternativ marşrut deyil. Dünyada baş verən hadisələr göstərir ki, bu marşrut əsas nəqliyyat arteriyasına çevrilib. Dünya Bankının araşdırmalarına görə, bu dəhlizlə yükdaşımalarının həcmi üç dəfə artmalıdır və Gürcüstan bu prosesə öz töhfəsini verəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani “Biznes Tərəfdaşı” verilişinə müsahibəsində deyib.
O qeyd edib ki, bu kontekstdə Anakliya Dərinsulu Limanı həm Gürcüstan, həm də bütövlükdə region üçün strateji əhəmiyyət kəsb edən əsas layihələrdəndir: “Limanın tikintisi cədvələ uyğun davam edir. Birinci mərhələdə obyektin 10 milyon ton quru və ümumi yük, həmçinin 600 min TEU konteyner aşırılma gücünə malik olacağı nəzərdə tutulur”.
Anakliyanı dəmir yolu şəbəkəsinə birləşdirəcək xəttin tikintisi üzrə tenderin oktyabr ayında elan ediləcəyini vurğulayan nazir müavini limanın 2029-cu ildə tam gücü ilə fəaliyyətə başlayacağını diqqətə çatdırıb.
Ölkəsində aparılan digər infrastruktur layihələrinə toxunan T.İoseliani Gürcüstan Dəmir yollarında təmir və modernləşdirmə işlərinin sürətlə davam etdiyini bildirib. Onun sözlərinə görə, təkcə bu il dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsinə təxminən 1 milyard lari investisiya yönəldiləcək.