Əziz Şiriyev: Son illərdə qış turizmi də inkişaf etməyə başlayıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Turizmdə mövsümlülük çox vacib məsələdir. Əvvəlki illərdə ölkəmizdə əsasən yay mövsümü turizmin daha geniş inkişaf etdiyi dövr kimi xarakterizə olunurdusa, son illərdə qış turizmi də inkişaf etməyə başlayıb. Hazırda ölkədə üç qış turizm kompleksi fəaliyyət göstərir. Bunlardan biri Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzi, digəri Qəbələdəki “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, üçüncüsü isə Naxçıvandakı “Ağbulaq” İstirahət Kompleksidir.
Bunu AZƏRTAC-a açıqlamasında turizm üzrə ekspert Əziz Şiriyev deyib.
O qeyd edib ki, yay və qış mövsümləri arasında müəyyən boşluq yaranır.
“Bu dövrün səmərəli qiymətləndirilməsi üçün ölkədə müxtəlif tədbirlərin və festivalların keçirilməsi mühüm əhəmiyyət daşıyır. Turizm şirkətləri ilboyu yüksək tempdə fəaliyyət göstərdikdə yeni məhsulların və paketlərin hazırlanmasına kifayət qədər vaxt ayıra bilmirlər. Buna görə də qeyri-mövsüm dövründə iş tempinin müəyyən qədər azalması yeni turizm paketlərinin hazırlanması və məhsulların formalaşdırılması üçün imkan yaradır.
Məsələn, bölgələrimizdə keçirilən müxtəlif festivallar bu baxımdan mühüm rol oynayır. Şamaxı istiqamətində keçirilən Üzüm və Şərab Festivalı, sentyabrın sonu – oktyabrın əvvəlindən cənub bölgəsində subtropik meyvələrin yığımının başlanması ilə bağlı təşkil olunan turlar turistlər üçün maraqlı imkanlar yaradır. Belə turlarda turistlər bağlara gedərək meyvələri özləri yığa bilirlər ki, bu da fərqli turizm məhsulları formalaşdırır. Göyçayda keçirilən Nar Festivalı, Zaqatala-Balakən bölgəsində təşkil olunan Xurma Festivalı, Qubadakı Alma Festivalı, Qəbələdə keçirilən Mürəbbə Festivalı və digər tədbirlər turistlərin regionlara marağını artırır”, - deyə Ə.Şiriyev əlavə edib.
Müsahib belə festivallar və ölkə üzrə keçirilən müxtəlif tədbirlərin həm xarici turistlərin Azərbaycana axınına, həm də yerli vətəndaşların regionlara səfər etməsinə imkan yaratdığını söyləyib.