Azərbaycan “GlobeMeets” beynəlxalq turizm tədbirində "Tərəfdaş ölkə” qismində təmsil olunur VİDEO
İstanbul, 10 sentyabr, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində 2027-ci il turizm mövsümünə istiqamət verən mühüm beynəlxalq görüşlərdən olan “GlobeMeets B2B Networking Event” beynəlxalq turizm platforması işə başlayıb. Azərbaycan builki tədbirdə rəsmi "Tərəfdaş ölkə" qismində çıxış edir.
AZƏRTAC xəbər verir ki, 100 milyon avrodan çox turizm dövriyyəsini hədəfləyən tədbirdə 50-dən artıq ölkədən 3 mindən çox turizm peşəkarı bir araya gəlib.
Tədbirin rəsmi açılış mərasimində İstanbul valisi Davut Gül, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan, Azərbaycanın İstanbuldakı baş konsulu Zamin Əliyev, Azərbaycan Turizm Bürosunun Türkiyə üzrə direktoru Günel Məmmədova, “VFS Global”ın Türkiyə və Azərbaycan üzrə regional direktoru Sertan Aslantürk, Türkiyənin müvafiq qurumlarının rəhbərləri, eləcə də 20 ölkənin baş konsulu, səfirləri və qeyri-hökumət təşkilatlarının başçıları iştirak ediblər.
Mərasimində çıxış edən Türkiyənin müvafiq qurumlarının dövlət rəsmiləri Azərbaycanın “Tərəfdaş ölkə” olmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
Bildirilib ki, bu gün Türkiyə ilə Azərbaycan “Bir millət, iki dövlət” anlayışı ilə bütün sahələrdə dərin birlik-qardaşlıq münasibətlərinə sahibdir. Bu əlaqələr turizm sahəsində də nümunəvi şəkildə özünü göstərir.
Mərasimdə tədbirin İstanbulda keçirilməsinin əhəmiyyəti vurğulanaraq, bu şəhərin dünya turizminin mərkəzi olduğu qeyd edilib.
Təşkilatçıların İstanbulun yalnız mühüm turizm məkanı kimi deyil, həm də beynəlxalq turizm ticarətinin və yeni işgüzar əməkdaşlıqların mərkəzlərindən biri kimi mövqeyinin gücləndirilməsinin qarşıya məqsəd qoyulduğu bildirilib.
Azərbaycan Turizm Bürosunun Türkiyə üzrə direktoru Günel Məmmədova ölkəmizin “GlobeMeets 2026”nın ölkə tərəfdaşı olmasından məmnunluğunu ifadə edib. O, Türkiyə ilə Azərbaycan arasında mövcud qardaşlıq əlaqələrinin və turizm potensialının yeni B2B əməkdaşlıqları vasitəsilə daha da inkişaf etdirilməsi baxımından mühüm platforma olduğunu vurğulayıb.
Günel Məmmədova 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən “Turizm paytaxtı” elan edilən Şuşanın da yeni turizm investisiyaları və təcrübələri ilə inkişaf edən məkan olduğunu bildirib.
Qeyd olunub ki, Şuşa tarixi və mədəni irsini qorumaqla yanaşı, qastronomiya, mədəniyyət və beynəlxalq tədbirlər vasitəsilə canlı turizm məkanına çevrilib.
Bu il “Sərhədlərdən kənarda görüş nöqtəsi” şüarı ilə dördüncü dəfə təşkil edilən tədbir çərçivəsində ümumilikdə 25 mindən çox B2B görüşünün keçirilməsi və 100 milyon avronu aşan kommersiya dövriyyəsinin yaradılması hədəflənir.
Ənənəvi turizm sərgisi modelindən fərqli olaraq, birbaşa işgüzar əlaqələrə əsaslanan işgüzar görüşlər formatında təşkil edilən “GlobeMeets 2026” 2027-ci il turizm mövsümünün istiqamətlərinin müəyyənləşdirilməsinə və beynəlxalq əməkdaşlıqların qurulmasına xidmət edib.
“GlobeMeets 2026”da 50-dən çox ölkədən 1000-dən artıq alıcı səyahət agentliyi, 200 iştirakçı şirkət, 11 ölkənin rəsmi turizm ofisi və 20-yə yaxın qlobal aviaşirkət təmsil olunub. İki gün davam edəcək tədbirdə ümumilikdə 25 mindən çox işgüzar görüşün keçirilməsi proqnozlaşdırılır.
Tədbir çərçivəsində imzalanan sazişlər və qurulan yeni B2B əlaqələri 2027-ci il turizm strategiyasına təsir göstərərək, beynəlxalq bazarlarda yeni turizm məhsullarının, istiqamətlərin və səyahət marşrutlarının formalaşmasına zəmin yaradır.
Qeyd edək ki, “GlobeMeets 2026”nın əsas sponsoru “VFS Global” şirkəti, əsas tərəfdaşı isə Türkiyə Səyahət Agentlikləri Birliyidir.