Şəkidə mediatur: Kiş Alban məbədi, kəlağayı sənəti və Şəki pitisi
Bakı, 21 oktyabr, AZƏRTAC
Dövlət Turizm Agentliyinin Şəki şəhərinə təşkil etdiyi mediatur çərçivəsində iştirakçılar “Kiş” Tarix-Memarlıq Qoruğunda, o cümlədən Qafqazın ən qədim apostol məbədi sayılan Kiş Alban məbədində olublar.
AZƏRTAC xəbər verir ki, media nümayəndələrinə “Kiş" Tarix-Memarlıq Qoruğunun bələdçisi Gülnaz Rəsulova məlumat verib.
O bildirib ki, iki min il yaşı olan bu məbəd alban abidələri içərisində xüsusi statusa malikdir. Məbəd həm memarlıq abidəsi kimi, həm də tarixi abidə kimi dəyərlidir. Məbədin əsrlər boyu yerli sakinlər tərəfindən ziyarətgah kimi istifadə olunması onun müasir dövrədək salamat qalmasına səbəb olub.
Bələdçi qeyd edib ki, hazırda “Kiş” Tarix-Memarlıq Qoruğunda arxeoloji, məişət etnoqrafik və heykəltaraşlıq nümunələri nümayiş etdirilir. Eksponatların bir qismi məbədin öz sahəsindən aşkar olunub, yerdə qalan hissəsi isə alban tarixini, mədəniyyətini əks etdirən və Azərbaycanın digər bölgələrindən tapılan nümunələrdir.
Şəkiyə səfər çərçivəsində jurnalistlər Kiş kəndində sahibkar Arzu Turanginin “Ruh açarı” qonaq evi, həmçinin Şəki şəhər mərkəzində sahibkar Sevinc Bayramovaya məxsus “Süsən” Kəlağayı Emalatxanası və Kəlağayı Muzeyi ilə də tanış olublar. Media mənsublarına “Süsən” brendi ilə istehsal olunan kəlağayılar, onların çeşidi, daxili və xarici bazarda tələbat, turistlərin bu məhsul növünə marağı barədə ətraflı məlumat verilib.
Yuxarı Karvansaray abidə kompleksinin ərazisində fəaliyyət göstərən restoranda isə aşpaz Aynurə İsmayılova tərəfindən mediatur iştirakçılarına Azərbaycan milli mətbəxinin, xüsusilə Şəki bölgəsinin ən məşhur və ləzzətli yeməklərindən biri sayılan Şəki pitisinin hazırlanması prosesi əyani nümayiş etdirilib.